BİZNES

21 Noyabr

SPECA 2023 İqtisadi Forumu keçirilir

Bakıda “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda İqtisadi Forumun açılışı olub.    

Nazirlikdən Fins.az-a bildirilib ki, Azərbaycanda “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda İqtisadi Forum keçirilir.

Tədbirdə açılış nitqi ilə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, Bakıda SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) həftəsi proqramın 25 illiyinə həsr olunub. Nazir İqtisadi Forumun proqram ölkələri arasında məlumat mübadiləsini asanlaşdıracağına, birgə səyləri dəstəkləyəcəyinə əminliyini bildirib. Qeyd olunub ki, SPECA regionda ortaq iqtisadi məqsədlərə nail olmaq, bərabərsizlikləri azaltmaq və regionda rifahı artırmaq məqsədinə əsaslanır. Şərqlə Qərb arasında körpü rolu oynayan Azərbaycan çoxillik transsərhəd ticarət və mədəni mübadilə ənənələri ilə seçilir. Bununla belə, SPECA çərçivəsində ticarət əlaqələri dərinləşdikcə, infrastrukturun inkişafına ehtiyac duyulur. Bu sahədə təşəbbüslərin artırılması qarşılıqlı faydalı əməkdaşlıqda önəm kəsb edir.  

Bildirilib ki, 2022-ci ildə Azərbaycanın SPECA ölkələri ilə ticarət dövriyyəsi 3,6 dəfə artaraq 1,3 mlrd. dollara çatıb. Bu ilin ilk on ayında isə həmin göstərici 1,2 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən təxminən 16% çoxdur. Bundan əlavə, Azərbaycan proqram çərçivəsində ixracın həcminə görə də müsbət nəticələrə nail olub. Ötən ilin eyni dövrünə nisbətən bu ilin ilk 10 ayında Azərbaycanın proqram iştirakçısı olan ölkələrə ixracı təxminən 82% artıb. Bu sahədə daha yüksək nəticələr əldə etmək üçün imkanlar genişdir. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi tədbirlər bu məsələdə mühüm töhfələr verə bilər. İqtisadiyyat naziri SPECA çərçivəsində ölkəmizin Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla ikitərəfli faydalı iqtisadi-ticarət tərəfdaşlığı və bu sahədə daha yaxşı nəticələr üçün mövcud potensial barədə fikirlərini bildirib. Forumda Azərbaycanın artan nəqliyyat-tranzit potensialının ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrinin gücləndirilməsinə mühüm töhfəsi qeyd olunub. Azərbaycanın Milli Prioritetlərinin, əlverişli biznes və investisiya mühitinin, ərazilərimizin azad edilməsinin yaratdığı yeni reallıqların bu kontekstdə önəmi diqqətə çatdırılıb.

BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibinin müavini Dmitri Maryasin vurğulayıb ki, son 25 il ərzində SPECA ölkələrinin qlobal ticarətdə rolu dəfələrlə artıb, iqtisadiyyatları nəzərəçarpacaq dərəcədə inkişaf edib. Qeyd olunub ki, proqram iştirakçısı olan dövlətlərin davamlı iqtisadi inkişafı üçün bir sıra məsələlərə diqqət gücləndirilməlidir. Buraya rəqəmsal transformasiya, təchizat zəncirindəki problemlərin aradan qaldırılması, gender bərabərliyinə tam nail olunması, “yaşıl” iqtisadiyyata keçidin sürətləndirilməsi və digər məsələlər daxildir. Bildirilib ki, SPECA Fondunun yaradılması üzərində iş aparılır. Həmin fonda daxil olacaq vəsait Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına yönəldiləcək.

BMT-nin Asiya və Sakit Okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibinin müavini Hirohito Toda proqram ölkələri arasında energetika, nəqliyyat, ətraf mühit, gömrük, informasiya-kommunikasiya texnologiyaları, ticarət və digər sahələrdə əlaqələrin gücləndirilməsi, gələcəkdə birgə layihələrin gerçəkləşdirilməsinin önəmini qeyd edib. Onun fikrincə, proqram ölkələrinin iqtisadiyyatları şaxələndirilməli, rəqəmsal inkişafa, iqlim dəyişikliyi problemlərinin aradan qaldırılmasına, ərzaq təhlükəsizliyinin təmin olunmasına və s. diqqət gücləndirilməlidir.

Tədbirdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan nümayəndələri SPECA çərçivəsində əməkdaşlıq, iqtisadi və investisiya potensialı, müxtəlif istiqamətlər üzrə münasibətlərin inkişaf etdirilməsi təşəbbüsləri barədə fikirlərini bildiriblər. 

Forum sessiyalarla işinə davam edir.

Günel Məlikzadə
Fins.az