BİZNES

17 Noyabr

Gənc Sahibkarların IV Forumu keçirilib

Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Gənc Sahibkarların IV Forumu keçirilib.

KOBİA-dan Fins.az-a verilən məlumata görə, Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində keçirilən tədbirdə 100-dən çox sahibkar, sahibkarlıq ekosisteminin fəal üzvləri, startap, habelə biznes fəaliyyətinə marağı olan gənclər iştirak edib.

Forum Azərbaycanda sahibkarlığın inkişafında böyük rolu olan Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ölkəmizdə elan edilmiş “Heydər Əliyev ili” çərçivəsində təşkil olunan tədbirlərin tərkib hissəsi olaraq təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.

Forumda gənclər və idman naziri Fərid Qayıbov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Ülvi Abasquliyev çıxış ediblər. Çıxışlarda ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dəstək tədbirləri, gənclər arasında sahibkarlığın təşviqi, bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyəti, gənclərin sahibkarlıq təşəbbüslərində innovativ yanaşma, ölkəmizdə sahibkarlıq ekosisteminin inkişafında gənclərin rolunun, sahibkarlığa marağı olan gənclərin bilik və bacarıqlarının artırılması, gənclərin müasir əmək bazarının çağırışlarına adaptasiyası, onların potensialının üzə çıxarılması və təşəbbüslərinin dəstəklənməsi istiqamətində atılan addımlar barədə məlumat verilib.

Forumda həmçinin, Qlobal Sahibkarlıq Həftəsinin həmtəsisçisi və Qlobal Sahibkarlıq Şəbəkəsinin prezidenti Conatan Ortmansın video mesajı da dinlənilib.

Tədbir çərçivəsində təşkil olunan “Sahibkarın qeyd dəftəri: Sabaha hesablanan yatırımlar” mövzusunda panel müzakirədə Gənclər Fondunun, “İnnovasiyalar Mərkəzi” MMC-nin, Dövlət Vergi Xidmətinin, “Caucasus Ventures” Fondunun, “SABAH.HUB İnnovasiya Mərkəzi”nin nümayəndələri tərəfindən gənclər sahibkarlarlıq sahəsində yeniliklər və dövlətin güzəştləri barədə məlumatlandırılıb, iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, ölkəmizdə artıq dördüncü dəfə təşkil olunan və ənənə halını alan Gənc Sahibkarlar Forumunun başlıca məqsədi gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, biznes layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar və dövlət dəstəyi mexanizmləri haqqında onların məlumatlandırılması, öz bizneslərini qurmaları üçün ilkin biliklərə yiyələnmələrinə dəstək olmaq, sahibkarlıq subyektlərinin şəbəkələşməsidir.

Günel Məlikzadə
Fins.az