BİZNES

16 Noyabr

İnvestisiya təşviqi sənədini əldə edən sahibkarlar bu vergilərdən azad olunurlar

Azərbaycanda sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən biri də investisiya təşviqi mexanizmdir.

Fins.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumunda deyib.

S.Məmmədovun sözlərinə görə, investisiya təşviqi sənədini əldə edən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq olaraq mənfəət və gəlir vergisini 7 il müddətinə 50 % güzəştlə ödəyirlər, müvafiq əmlaka görə əmlak vergisindən, torpağa görə isə torpaq vergisindən 7 il müddətinə azad olunurlar, habelə müvafiq təsdiqedici sənəd əsasında texnika, texnoloji avadanlıq və qurğuların idxalı ƏDV-dən 7 il müddətinə azad olunurlar. O, qeyd edib ki, təkcə 2022-ci ildə 50 KOB subyekti investisiya təşviqi sənəd əldə edib.

Nazir müavini  bildirib ki, əksər iqtisadiyyatlarda olduğu kimi Azərbaycanda da KOB-ların qarşılaşdıqları əsas çağırışlardan biri də maliyyə resurslarına çıxış imkanı ilə bağlıdır:

"Azərbaycanda bizneslər həm özəl maliyyə vasitəçilərinin təklif etdikləri kreditlərdən, həm də dövlət institutlarının təqdim etdikləri güzəştli maliyyə vəsaitlərindən faydalanmaq imkanına malikdirlər. Ötən il İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu KOB subyektlərinə 70 milyon ABŞ dollarına yaxın həcmdə güzəştli kredit verib ki, bu da Fondun kredit portfelinin təqribən 85 %-i təşkil edib".

Fuad Mədətov
Fins.az