BİZNES

16 Noyabr

Aİ-nin hesabatında KOBİA ilk beşlikdə yer alıb - Orxan Məmmədov

Ötən il Avropa İttifaqının dəstəyi ilə hazırlanmış "Azərbaycanda biznes mühiti - 2021" hesabatında Avropa şirkətlərinin davam edən yerli islahatlara münasibətinin və qurumların fəaliyyətinin qiymətləndirilməsi sorğusuna əsasən KOBİA ilk beşlikdə yer alıb.

Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin dəstəyi, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə Bakıda keçirilən "Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu"nda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

O.Məmmədov bildirib ki, rəhbərlik etdiyi qurum tərəfdaş ölkələrin müvafiq qurumları və təşkilatları ilə uğurla əməkdaşlıq edir:

“Burada əsasən iki hədəfimiz var: institusional əməkdaşlığın genişləndirilməsi, yerli sahibkarlıq subyektləri ilə xarici potensial tərəfdaşlar arasında birbaşa əlaqə qurulmasına dəstək verilməsi. Aidiyyəti qurumlarla imzalanmış memorandumlarımızda qarşılıqlı maraq kəsb edən təşəbbüslərin həyata keçirilməsi, biznes missiyaların təşkili və qabaqcıl təcrübələrin mübadiləsi kimi məsələlər yer alıb. Eyni zamanda, bir neçə sahəvi beynəlxalq təşkilata üzvlüyümüz biz üçün geniş tərəfdaşlar şəbəkəsinə çıxışı asanlaşdırır. Bu da öz növbəsində iş adamlarımız üçün geniş imkanlar yaratmaqdadır. ICSB belə təşkilatlar sırasında öndə gedir və qarşıdakı dövrdə sözügedən platforma çərçivəsində əməkdaşlıq əlaqələrimizin genişləndirilməsini hədəfləyirik. ICSB platformasının çox-funksional xarakteri, üzv şəbəkəsinin genişliyi və təqdim etdiyi xidmətlərin çeşidi hər bir qurum və təşkilatın faydalanması üçün imkanlar yaradır. Şübhəsiz ki, platformanın ən əhəmiyyətli imkanlarından biri şəbəkələşmə, təcrübə mübadiləsinin aparılması və həmkarların yeniliklər barədə bir-birindən öyrənmək fürsətidir".

Fuad Mədətov
Fins.az