Son illərdə Prezidentin rəhbərliyi ilə milli iqtisadiyyatın şaxələndirilməsi, onun rəqabət qabiliyyətli sahələrinin inkişafının stimullaşdırılması tədbirləri çərçivəsində kiçik və orta sahibkarlığın səmərəli dəstəklənməsi və davamlı inkişafı istiqamətində dövlət tərəfindən məqsədyönlü siyasətlər həyata keçirilib.
Fins.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumunda deyib.
Nazir müavininin sözlərinə görə, dövlət KOB-ların inkişafının dəstəklənməsi istiqamətində biznes mühiti, yeni təşkilatı modellər, dəstək tədbirləri və müasir xidmətlər əhatə olunmaqla kompleks tədbirlər həyata keçirir:
“Bu tədbirlər həm birbaşa olaraq mikro, kiçik və orta bizneslər üçün hədəflənir, həm də ümumi dəstək proqramları çərçivəsində KOB-ların da faydalanması üçün tətbiq olunur. Sözügedən sektorda dövlət siyasətinin təkmilləşdirilməsi və həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə 2017-ci ildə KOBİA yaradılıb. KOB sektorunun çoxşaxəli xarakterini və kəsişən məsələləri əhatə etdiyini nəzərə alaraq, müxtəlif sahəvi qurumların və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi üçün KOBİA yanında təqribən 30 qurumun səlahiyyətli nümayəndələrindən ibarət daimi fəaliyyət göstərən Koordinasiya Qrupu təsis edilib".
Fuad Mədətov
Fins.az