Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasına böyük önəm verir. Azərbaycan hökumətinin qlobal çağırışları nəzərə alaraq təsdiq etdiyi 2030-cu ilədək 5 milli prioriteti və 2022‒2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası DİM-lərə sıx inteqrasiya olunub. Bu amil “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi” üzrə götürdüyümüz öhdəliklərin icrasının sürətləndirilməsinə xidmət edir.
Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda deyib.
Nazirin sözlərinə görə, Azərbaycan regionda ilk olaraq DİM-lərin icrası istiqamətində görülmüş işlərin yekunu kimi BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üç Könüllü Milli Hesabat təqdim edib və növbəti hesabatın 2024-cü ildə təqdim edilməsi planlaşdırılır:
“Bu il ölkəmizdə ilk dəfə olaraq, BMT-nin İnkişaf Proqramının dəstəyi ilə dövlət xərclərinin DİM-lər ilə əlaqələndirilməsi üzrə metodologiya hazırlanıb. Büdcə xərc maddələrinin DİM hədəfləri ilə ilkin əlaqələndirilməsi göstərir ki, 2022‑ci ildə icmal büdcənin ümumilikdə 80%-dən çoxu DİM hədəfləri ilə əlaqəlidir. Bu rəqəm 2022-ci il üzrə ümumi daxili məhsulun təxminən 23%-nə bərabərdir.
DİM-lərin icrasına dövlət sektoru ilə yanaşı özəl sektorun cəlb edilməsi olduqca vacibdir. Bu məqsədlə BMT-nin İnkişaf Proqramının Ölkə Nümayəndəliyinin dəstəyi ilə beynəlxalq və yerli investorlar, həmçinin təsir yaratmaq potensialı olan müəssisə və startaplar üçün bir sıra tədbirlər görülüb. DİM-lərə investisiyanın cəlb edilməsinə dair DİM İnvestisiya Xəritəsi (SDG Investment Map) və İnvestisiya Ekosisteminin Tədqiqatı təşəbbüsləri icra olunub".
M.Cabbarov onu da qeyd edib ki, Azərbaycanda özəl sektora müxtəlif dövlət dəstəyi mexanizmləri tətbiq edilir, azad rəqabət mühitinin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, vergi güzəştləri və subsidiyalar və digər tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq ölkədə biznes fəaliyyəti geniş miqyas alıb:
"Azərbaycanın iş adamları xarici ölkələrdə həyata keçirilən layihələrdə də fəal iştirak edir, müxtəlif sahələrə investisiya yatırır, etibarlı tərəfdaş kimi tanınırlar. Hazırda ölkədə sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olanların sayı 683 mindən çoxdur. Özəl bölmənin ÜDM-də payı 86,5%, məşğulluqda payı isə 78%-dən çoxdur. Güclü özəl sektor rəqabətqabiliyyətli layihələrin icrasına, eləcə də yeni müəssisələrin və iş yerlərinin yaradılmasına öz töhfəsini verir ki, bu da DİM hədəfləri arasında çox önəmli istiqamətlərdəndir. Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində görülən işlər də DİM-lərə nail olunması baxımından əhəmiyyətli mexanizmlərdən biri kimi qiymətləndirilə bilər. Bu məqsədlə ölkəmizdə 9 dekabr 2022-ci il tarixində dövlət-özəl tərəfdaşlığı haqqında qanun qəbul edilib".
Fuad Mədətov
Fins.az