Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 542 447 şəxs qəbul edilib.
Fins.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.
Məlumata görə, onlara 966 389 sayda xidmət göstərilib ki, bunlardan 260 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 226 minə yaxını isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə kömək göstərilməsi) bağlı olub.
Ümumi elektron xidmətlərin 88,2 %-ni 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
- bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;
- vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
- sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə qəbzlərin verilməsi;
- vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
- fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
- “ASAN İmza” sertifikatlarının verilməsi;
- vergi ödəyicilərinə arayışların verilməsi;
- vergi ödəyicisinin fəaliyyətinin bərpası;
- fiziki şəxsin uçotdan çıxarılması.
10 ay ərzində vergi ödəyicilərindən daxil olmuş 25 mindən çox yazılı müraciət cavablandırılıb, 9,8 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 1,568 milyona yaxın SMS göndərilib.
Hesabat dövründə 2 600 vergi ödəyicisinin iştirakı ilə 224 görüş keçirilib, 4 262 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.
Fuad Mədətov
Fins.az