Bu ilin yanvar-sentyabr aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 46 ölkəyə 14,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın oktyabr sayında bildirilir.
Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 10 ölkə çox və 4,9 milyon ABŞ dolları (25,4 %) azdır.
“Azərkosmos”un 9 ayda xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 %-ni təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 4,1 milyon ABŞ dolları ilə Böyük Britaniya, 3,1 milyon ABŞ dolları ilə Lüksemburq, 1,2 milyon ABŞ dolları ilə BƏƏ, 815 min ABŞ dolları ilə Almaniya və 572 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.
Təkcə sentyabrda isə “Azərkosmos” 45 ölkəyə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 10 ölkə çox və 0,3 milyon ABŞ dolları (14,3 %) azdır.
Fuad Mədətov
Fins.az