BİZNES

30 Oktyabr

Caspian Energy Club Avropa maliyyə şirkətləri üçün networking platforması yaradır

Oktyabrın 25-də Çexiyanın paytaxtı Praqa şəhərində Caspian Energy Club Czechia tərəfindən təşkil olunmuş və maliyyə məsələlərinin müzakirəsinə həsr olunmuş növbəti CEO MeetUp Finance Prague tədbiri keçib.

Fins.az xəbər verir ki, CEO MeetUp Finance Prague Caspian Energy Club tərəfindən 20 ölkədə planlaşdırılan və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev cənablarının 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutub. Bu barədə Caspian Energy Club Czechia-nın İdarə heyətinin sədri Zaur Qədirov xəbər verib.

Tədbirdə Azərbaycan və Avropa ölkələrin həm neft, həm də qeyri-neft sektorunu təmsil edən bir çox dövlət və özəl şirkətlərinin nümayəndəsi iştirak edib.

Salamlama nitqi ilə çıxış edən Zaur Qədirov Caspian Energy Club Czechia-nın öncəki fəaliyyəti, cari və gələcək layihələr və tədbirlər haqqında iştirakçılara geniş məlumat təqdim edib. “Caspian Energy Club tərəfindən mütəmadi olaraq təşkil olunan tədbirlərin hər biri müxtəlif ölkələrin dövlət qurumları və sahibkarlar arasında beynəlxalq dövlət-biznes dialoqun yaradılması, işgüzar əməkdaşlığın gücləndirilməsi, biznes sektorundakı yerli təşəbbüslərin öyrənilməsi üçün yaradılmış və geniş imkanlar təqdim edən networking platformasıdır”, - Zaur Qədirov qeyd edib. O, həmçinin bildirib ki, "CEO MeetUp Finance Prague” Çexiya bazarına çıxmaq istəyən sahibkarlar üçün yaradılmış unikal imkandır”.

CEO MeetUp Finance Prague çərçivəsində iştirakçılar "Çexiyanın kriptovalyuta və maliyyə texnologiyaları sahəsindəki vəziyyət. Tənzimləyici mexanimzlərin inkişafı və imkanlar", “Çexiya Milli Bankının maliyyə sektorunun tənzimlənməsində rolu”, “Çex Respublikasının beynəlxalq maliyyədəki rolu” mövzuları haqqında fikir mübadiləsi aparıblar. Tədbirin əsas çıxışı "Çexiya Respublikasında maliyyə sahəsinin əhəmiyyətinə ümumi baxış" adı altında keçib.

CEO MeetUp Prague tədbirinin fəxri qonaqları Ukrayna-Çexiya Ticarət Palatasının icraçı direktoru Petr Krupmhanzl, AF Capital İnvestisiya Fondunun Baş direktoru və təsisçisi Anton Fefelov və Finshape şirkətinin rəqəmsal bankçılıq şöbəsinin satış meneceri David Vsetula oldu.

Görüş əsnasında iştirakçılar makroiqtisadi vəziyyət, maliyyə-bank sektorunun inkişaf məsələləri, investisiya layihələri, əməkdaşlığın inkişaf perspektivləri barədə  müzakirələr aparıblar.

Daha sonra CEO MeetUp iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən şirkət nümayəndələri arasında ikitərəfli işgüzar görüşlərlə davam edib.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Fuad Mədətov
Fins.az