BİZNES

28 Oktyabr

Azərbaycandan keçən bu dəhliz Çin və Avropa arasında ən qısa, amma eyni zamanda ən çətin marşrutdur

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) Çin və Avropa ölkələri arasında trafikin artmasını nəzərə alaraq Orta Dəhlizdən maksimum yararlanmaq imkanlarını araşdırır.

Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun baş katibi Umberto de Pretto bildirib.

O, vurğulayıb ki, Azərbaycandan keçən bu dəhliz Çin və Avropa arasında ən qısa, amma eyni zamanda ən çətin marşrutdur:

“Çünki, Orta Dəhliz multimodal nəqliyyatdan istifadəni tələb edir, iki dənizdən və bir çox ölkələrdən keçir. Bundan əlavə, bizim Şimal və Cənub dəhlizləri kimi seçimimiz var”.

U.Pretto Azərbaycanın xeyrinə olacaq Orta Dəhlizdən daha səmərəli istifadə olunacağına əminliyini ifadə edərək, dəhlizin inkişafı üçün mövcud vasitələrdən istifadə etməyi lazım olduğunu söyləyib:

“Biz Azərbaycanın Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə bütün iştirakçılar arasında zəmanət və elektron məlumat mübadiləsi ilə Orta Dəhlizin faydalarından maksimum istifadəni təmin etmək üçün TIR sistemindən istifadəni necə təkmilləşdirməyi müzakirə etdik”.

Fuad Mədətov
Fins.az