BİZNES

23 Oktyabr

Çovdar qızıl mədənində nadir bitkilərlə bağlı növbəti ekoloji layihə icra edilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Daşkəsən rayonunun ərazisində bitən, “Qırmızı Kitab”a daxil edilmiş nadir, nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin çoxaldılması, onların tarixən yetişdiyi ərazilərə reintroduksiyası layihəsi çərçivəsində növbəti ekoloji aksiya keçirilib.

Fins.az xəbər verir ki, “Çovdar” qızıl mədəni ərazisində təşkil edilən aksiyada QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov, Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun mütəxəssisləri və şirkət əməkdaşları iştirak ediblər.

Aksiya zamanı “Rosa zangezura Jarosch.” (Zəngəzur itburnusu), “Rosa nisami Sosn.” (Nizami itburnusu), “Rosa pulverulenta M.Bieb” (qovuqlu itburnu), “Malus orientalis Mill.” (şərq alması), “Fagus orientalis L.” (şərq fıstığı), “Carpinus betulus L.” (adi vələs), “Acer trautvetteri L.” (trautvetter ağcaqayını), “Fraxinus excelsior L”. (adi göyrüş), “Pyrus caucasica L.” (Qafqaz armudu), “Pyrus salicifolia Pall.” (söyüdyarpaq armud), “Euonymus grandiflorus Wall.” (iriyarpaq gərməşov), “Frangula grandiflora A.Pool.” (iriyarpaq kövrək mürdəşər), “Jasminum fruticans L.” (kolvarı yasəmən), “İnula grandiflora” (iriçiçək andız), “Centaurea pseudocabiosa Boiss.” (yalançı çətir güləvər) kimi nadir bitki növlərinin kütləvi əkini həyata keçirilib.

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin çoxaldılması və reintroduksiyası layihəsi ilk dəfə 2021-2022-ci illərdə icra edilib. Layihə çərçivəsində noyabr-dekabr aylarında Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının əməkdaşlarının bilavasitə iştirakı ilə “Çovdar” mədəninin ətrafındakı dağlardan nəsli kəsilmək təhlükəsində olan bitkilər aşkarlanaraq, toxumları yığılıb. 1 il ərzində həmin toxumların çeşidlənməsi, müvafiq dərman vasitələri ilə qurudulması həyata keçirilərək, xüsusi aqrotexniki qaydada təcrübə sahəsində yetişdirilib. Birinci layihə çərçivəsində 2022-ci ilin noyabr ayında “Rosa zangezura Jarosch.” (Zəngəzur itburnusu), “Rosa nisami Sosn.” (Nizami itburnusu), “Rosa pulverulenta M.Bieb” (qovuqlu itburnu) və “Frangula grandiflora A.Pool.” (iriyarpaq kövrək mürdəşər) aşkarlanaraq, tarixən yetişdiyi ərazilərdə çoxaldılması həyata keçirilib. Cari il icra olunan layihədə isə daha çox növ bitki kollarının Daşkəsən rayonunda reintroduksiyası təmin edilib.

Qeyd edək ki, ölkəmizin dağ-mədən sənayesini təmsil edən dövlət şirkəti olaraq “AzerGold” QSC tərəfindən istismarı həyata keçirilən yataqların ekoloji cəhətdən daha effektiv idarə edilməsi, hasilat prosesi zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirir. Bununla yanaşı, QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə Siyasəti çərçivəsində ekoloji tarazlığın qorunub saxlanılması məqsədilə davamlı olaraq kütləvi tədbirlər, o cümlədən, iməcilik, ağacəkmə və digər yaşıllaşdırma aksiyaları təşkil edilir. Qeyd edilən tədbirlər çərçivəsində bugünədək “Çovdar” mədəni və ətraf ərazilərdə yerli şəraitə uyğun 14 mindən artıq ağac və kol bitkisi əkilib, yaşıllıqlar salınıb.