Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA KYC rəqəmsal həlli “PashaPay” MMC-nin məhsulu olan m10 elektron pulqabısına inteqrasiya edilib.
Fins.az xəbər verir ki, SİMA Rəqəmsal Həllər Platformasına daxil olan SİMA KYC (Know Your Customer – öz müştərini tanı) xidməti dövlət qurumları və özəl şirkətlərə vətəndaşın şəxsiyyətini müəyyən etmək imkanı verir. SİMA KYC üz cizgiləri və FİN kod əsasında şəxsin biometrik identifikasiyasını aparır, onun kimliyini təsdiqləyir.
Artıq vətəndaşlar m10 tətbiqində identifikasiyadan keçmək üçün SİMA KYC-nin biometriya texnologiyası ilə kimliyini təsdiqləyə bilərlər. Bunun üçün istifadəçi əvvəlcə açılan pəncərədə şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil edir. Daha sonra SİMA KYC ilə biometrik testdən keçərək kimliyini təsdiqləyir. Təsdiqlənən m10 hesablarını isə yalnız öz sahibi istifadə edə bilir. Bu da öz növbəsində hesabları kiberdələduzların müdaxiləsindən qoruyur və daha təhlükəsiz hala gətirir.
Yaxın müddətdə prosesin VÖEN ilə də həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, SİMA KYC qurumlar və istifadəçilər arasında rəqəmsal körpü rolunu oynamaqla, xidməti əldə etmiş tərəfdaşlara müştərilər barəsində müvafiq məlumatı əldə etmək imkanı verir. Bu həll vətəndaşın şəxsiyyətini təsdiqləmək üçün lazım olan bütün proseslərdə tətbiq oluna bilər.