BİZNES

18 Oktyabr

Sahibkar birlikləri və assosiasiyaları ilə əməkdaşlıq genişlənir

Ölkədə dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə aparılan islahatlar arasında əlverişli biznes mühitinin yaradılması, dövlət-biznes münasibətlərində qarşılıqlı etimadın artırılması və özəl sektorun rəqabətqabiliyyətinin təşviqi prioritetlər kimi müəyyən edilib. Bu baxımdan biznes təmsilçiləri ilə əməkdaşlığın genişləndirilməsi, onların rəy və təkliflərinin öyrənilməsi xüsusi əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, ölkə rəhbərliyinin çıxışlarında daima ictimai nəzarətin önəmi vurğulanır.

Fins.az xəbər verir ki, dövlətin iqtisadi inkişaf hədəflərinə uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən ictimai iştirakçılığın təmin edilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Sahibkarlığın dəstəklənməsi prosesində fəal iştirakçıya çevrilən vergi orqanları ölkənin iqtisadi inkişaf strategiyasının hazırlanmasına və həyata keçirilməsinə öz töhfələrini verməkdə davam edir.

İctimai iştirakçılıq üçün təşəbbüslər

Sahibkar birlikləri ilə görüşlərin keçirilməsi, biznesin qarşılaşdığı çətinliklərin öyrənilməsi, özəl sektorun təmsilçkiləri ilə fikir mübadiləsinin aparılması vergi orqanları tərəfindən diqqət mərkəzindədir. Biznes və dövlət qurumları arasında uğurlu əməkdaşlıq platformasının yaradılması məqsədi ilə İqtisadiyyat Nazirliyi tərəfindən 2021-ci ildə Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin tərkibində sahibkar birlikləri və assosiasiyaları ilə iş strukturu yaradılıb. Bu strukturun qarşısına qoyulmuş əsas məqsəd və vəzifələr vergi qanunvericiliyi və inzibatçılığının biznes mühitinə təsirinin bilavasitə sahibkarlar və onların birlikləri ilə aparılan müzakirələr zamanı müəyyən edilməsi, qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi zamanı sahibkarların rəy və təkliflərinin öncədən öyrənilməsi yolu ilə prosesin iştirakçılarına çevrilməsinə nail olunmasıdır.

Sahibkarlar üçün nəticəyönümlü tədbirlər

2021-2023-cü illər ərzində DVX-nin Vergi siyasəti baş idarəsi tərəfindən sahibkarlarla 74 görüş təşkil olunub, aidiyyəti dövlət orqanlarının və ictimai təşkilatların keçirdiyi 96 görüşdə iştirak təmin edilib. Aidiyyəti funksional strukturların nümayəndələrinin iştirakı ilə sahibkarlarla keçirilmiş görüşlərin 40-ı bir neçə sahəni əhatə edən ümumi xarakterli, 48 görüş maliyyə, səhiyyə, təhsil, turizm, informasiya texnologiyaları, nəqliyyat və s. kimi fəaliyyət sahələrini əhatə edən xidmət sektoru, 30-u qida və içki məhsullarının, 15-i tekstil, tikinti materialları, qablaşdırma, mebel və s. kimi istehsal sahələri, 7-si ticarət, 5-i isə tikinti fəaliyyəti sahəsi üzrə olub. Görüşlərin təşkili məqsədilə statistik məlumatlar (sahədən asılı olaraq, tələbat, özünütəminetmə səviyyəsi və s.), habelə vergi uçot-baza məlumatlarına əsasən sahələrin göstəriciləri təhlil edilib, idxaldan asılılığın azalması, investisiya cəlb olunması üçün gözlənilən təşviq mexanizmləri barədə sahibkarlardan təkliflər alınıb. Bir sıra görüşlərdən sonra verilmiş təkliflərlə bağlı rəy və statistik məlumatların alınması məqsədilə ictimai təşkilatlar və sahibkarlarla könüllü sorğular keçirilib. Bütün bunlar sahiblarlıq mühitinin təkmilləşməsi üçün düzgün yol xəritəsinin müəyyənləşdirilməsinə xidmət edir. Vergi qanunvericiliyinin tətbiqi zamanı sahibkarların qarşısına çıxan çətinliklərin öyrənilməsi, bu istiqamətdə dövlət vergi orqanları ilə sahibkarlar arasında qarşılıqlı əməkdaşlığa əsaslanan münasibətlərin qurulması vergi siyasəti üzrə prioritet istiqamətlərdən biridir. Qanunvericiliyin ictimai münasibətlərin tələblərinə uyğunlaşdırılması və icra mexanizmlərinin effektivliyi əlverişli biznes mühitinin formalaşdırılması üçün böyük əhəmiyyət daşıyır. Bu baxımdan biznes təmsilçiləri ilə fəal əməkdaşlıq davamlı olacaq və müasir çağırışlara uyğun təkmilləşdiriləcək.