Cənubi Qafqazın ən iri sement istehsalçısı olan “Norm” ASC-nin Direktorlar Şurasında yeni təyinatlar olub. Belə ki, Direktorlar Şurasına Ülkü Özcan və Stephan Sollberger üzv təyin ediliblər.
Fins.az xəbər verir ki, Türkiyədə “50 Güclü Qadın CEO” araşdırmasına əsasən tərtib olunan siyahıda 12-ci yerdə qərarlaşan Ülkü Özcan sement sənayesində 22 illik iş təcrübəsinə malikdir və inşaat materialları biznesində uzun illərdir ki, rəhbər vəzifələrdə fəaliyyət göstərir. O, karyera yüksəlişinə strategiya, biznesin inkişafı və marketinq sahələrində nail olub və vəzifə tutduğu şirkətlərin mənfəət və zərəri üzrə tam məsuliyyət daşıyıb. Ülkü Özcan geniş beynəlxalq təcrübəyə və inşaat materialları sənayesində əlaqələrə malikdir.
“Norm” ASC-nin Direktorlar Şurasına təyinatdan əvvəl o, Türkiyənin ən böyük sement istehsalçılarından biri olan “Çimsa” şirkətində müxtəlif vəzifələrdə işləyib. 2018-ci ildən qurumun rəhbəri təyin olunan Ülkü Özcan 2020-ci ilə qədər bu vəzifəni icra edib. 2021-ci ilin iyununa qədər isə enerji və telekommunikasiya kabeli biznesi sahəsində fəaliyyət göstərib. O, həmçinin, Afyon Sementdə müxtəlif vəzifələri, eləcə də Direktorlar Şurasının üzvü, Qlobal Sement və Beton Assosiasiyasında nümayəndə, Türkiyə Sement İstehsalçıları Birliyində Audit Komitəsinin üzvü kimi müxtəlif vəzifələri icra edib. 2010-cu ilədək “Lafarge Türkiye” şirkətində strateji vəzifələrdə işləyib.
Ülkü Özcan təhsilini 1994-cü ildə Qalatasaray Ali Məktəbində, 1999-cu ildə Marmara Universitetinin Biznes fakültəsində ingilis dilində alıb. Həmçinin Parisdə INSEAD Biznes məktəbində Qabaqcıl Sənaye Marketinqi və Strategiyası Proqramını və Sabancı X-Celerate Liderlik Proqramını uğurla bitirib.
Digər yeni üzv, Stephan Sollberger sement və beton istehsalı sahəsində fəaliyyət göstərən şirkətlərdə 30 ildən çox iş təcrübəsinə malikdir. O, 1992-2001-ci illərdə “Holderbank Cement und Beton” şirkətində müxtəlif vəzifələri icra edib. 2006-cı ilədək “Holcim İsveçrə”-də Sementin istehsalı və tətbiqi texniki mərkəzinin müdiri və zavodun direktoru olub. Onun İsveçrədə inşaat sahəsində fəaliyyət göstərən “Jura Management AG”, eləcə də “CRH” və “CRH Western Europe” şirkətlərində müxtəlif vəzifələrdə təcrübəsi var. Qeyd edək ki, “CRH” Avropa və Amerikada inşaat materiallarının təchizatı ilə məşğul olan şirkətdir. Stephan Sollberger 2020-ci ildən bəri “Landqart AG” şirkətinin Əməliyyatlar üzrə Baş Direktorudur.
O, təhsilini Sürix Tətbiqi Elmlər və Bern Tətbiqi Elmlər Universitetlərində alıb.
"Norm" ASC müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.