BİZNES

14 Oktyabr

Sahibkarlar Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla görüşüb

Bu gün Marsol Group və Wotmax Estate-in birgə təşkilatçılığı ilə sahibkarlar işgüzar nahar yeməyində Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla görüşüblər. Təşkil olunan nahar yeməyində, Şimali Kipr və Azərbaycanın milli musiqiləri səsləndirilib. Görüşdə iştirak edən Marsol Group partnyorlarının fəaliyyət istiqamətləri haqqında məlumat verilib.

Fins.az xəbər verir ki, görüşün sonrakı hissəsində Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında mövcud olan və inkişaf etdirilə biləcək biznes əlaqələri, o cümlədən ticarət sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər ölkələr arasında ticari münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Hörmətli Ersin Tatar çıxışı zamanı Türk dünyası xalqlarının tarixi bağlılığı əsasında qurulan münasibətlərin inkişaf etdirilməsinin zəruriliyindən danışıb. O, xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.

Daha sonra sahibkarlarla hörmətli Ersin Tatar arasında qarşılıqlı dialoq şəklində görüş davam edib. Sahibkarların sualları cavablandırılıb.

Görüşün sonunda Marsol Group-un təsisçisi Tural Mustafayev və şirkətin Şimali Kipr nümayəndəsi İlhami Bilgen tərəfindən Prezident Ersin Tatara xatirə hədiyyəsi təqdim edilib və sahibkarlarla birgə xatirə fotosu çəkilib.
Günel Məlikzadə
Fins.az