BİZNES

13 Oktyabr

Azərbaycan Konsaltinqlər Assosiasiyası yaradılıb

Azərbaycanda biznes mühitinin inkişafına xidmət edəcək yeni qurum - "Azərbaycan Konsaltinqlər Assosiasiyası" (AKA) İctimai Birliyi yaradılıb.

Fins.az xəbər verir ki, yeni assosiasiya təlim və məsləhət xidmətləri sahəsində fəaliyyət göstərən şirkətlərin şəbəkələşməsində mühüm rol oynayacaq, üzvlərin fəaliyyətini əlaqələndirməklə müvafiq sahədə xidmətlərin təkmilləşdirilməsinə töhfə verəcək.

Assosiasiyanın fəaliyyətinin təşkil edilməsi ilə bağlı artıq İdarə Heyəti üzvlərinin ilk yığıncağı keçirilib. Yığıncaqda işin təşkil edilməsi qaydaları, nizamnamənin qəbul edilməsi, üzvlük şərtləri və prosedurları, göstəriləcək xidmətlər və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Assosiasiyanın əsas hədəfi ölkədə dövlət və özəl qurumlara təlim-məsləhət xidmətləri göstərən şirkətlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ixtisaslı kadr mübadiləsi imkanlarının genişləndirilməsi, üzvlərin rəqabət qabiliyyəti və xidmət keyfiyyətinin artırılmasına nail olmaqdır. Müasir biznes tendensiyaları nəzərə alınmaqla, AKA-nın yaradılması təşəbbüsü xidmət sektorunun inkişafına müsbət təsir göstərəcək.

Şəbəkələşmə, təlim və əməkdaşlıq platforması kimi AKA konsaltinq xidmətləri göstərən bütün şirkətləri əməkdaşlığa dəvət edir.

Məhəbbət Məmmədov
Fins.az