“Rəqəmsal İpək Yolu” layihəsi Bakıda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasında təqdim olunub. AzerTelecom şirkətinin Direktorlar şurasının sədri Fuad Allahverdiyev və Əməliyyatlar üzrə Baş direktoru Sergey Nazarenko tədbirdə iştirak ediblər.
Fins.az xəbər verir ki, tədbirdə çıxış edən AzerTelecom şirkətinin Əməliyyatlar üzrə baş direktoru Sergey Nazarenko ölkəmiz və region üçün prioritet layihələrdən biri olan “Rəqəmsal İpək Yolu” layihəsinin strateji əhəmiyyəti, əsas komponentləri barədə tədbir iştirakçılarına məlumat verib. “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində ölkə daxilidə, eləcə də Azərbaycanla Orta Asiya ölkələri arasında Xəzərin dibi ilə qurulacaq rəqəmsal infrastrukturun Avropa ilə Asiya arasında yeni rəqəmsal telekommunikasiya dəhlizini formalaşdıracağını qeyd edib.
“NEQSOL Holding-in təşəbbüsü ilə AzerTelecom şirkəti tərəfindən həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsinin Azərbaycan hökumətinin və nüfuzlu beynəlxalq təşkilatların diqqət mərkəzində olması bizim üçün çox qürurvericidir. Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi çoxterabitli həcmdə məlumatların ötürülməsi, rəqəmsallaşmanın sürətlənməsinə verəcəyi töhfə ilə böyük bir regionun gələcəyinə əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir”, – deyə Sergey Nazarenko bildirib.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı özündə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran, Pakistan və Əfqanıstanı birləşdirir.
AzerTelecom Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. NEQSOL Holding müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir.
Günel Məlikzadə
Fins.az