BİZNES

04 Oktyabr

Qazaxıstanda Orta Dəhlizin inkişaf etdirilməsi müzakirə olunacaq

Bu gün Qazaxıstanın Astana şəhərində Beynəlxalq Nəqliyyat və Logistika Forumu işə başlayıb.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, oktyabrın 6-na qədər davam edəcək tədbirdə Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişaf etdirilməsi müzakirə olunacaq.

Bundan başqa, forumda nəqliyyat sistemlərinin inteqrasiyası, multimodal daşımalar sahəsində yeni texnologiyaların və innovasiyaların tətbiqi, yükdaşımaların səmərəliliyinin artırılması və təchizat şəraitinin yaxşılaşdırılması məsələləri nəzərdən keçiriləcək.

Forum çərçivəsində Mərkəzi Asiyanın ən böyük nəqliyyat, logistika xidmətləri və texnologiyaları sərgisi - “TransLogistica” keçiriləcək. Sərgidə Qazaxıstanla yanaşı, Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Gürcüstan, Rusiya, Belarus, Monteneqro, Latviya, Çin və Cənubi Koreyadan 90-dan çox şirkətin xidmət, avadanlıq və texnologiyalarını nümayiş etdirəcəyi gözlənilir. Ümumilikdə sərgiyə bir çox ölkələrin, o cümlədən Qazaxıstanın liman, dəmir yolu və xüsusi iqtisadi zona administrasiyaları, nəqliyyat və logistika mərkəzləri, avtomobil avadanlığı istehsalçıları və dilerləri, vaqon tikintisi və təmiri müəssisələri, logistika mərkəzləri üçün avadanlıq təchizatçıları və anbar avadanlıqları istehsalçıları qatılacaqlar.

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “Vahid pəncərə” prinsipi tətbiq olunur.

Avropa İttifaqı Orta Dəhlizi Trans-Avropa Nəqliyyat Şəbəkəsi ilə inteqrasiya baxımından ən perspektivli adlandırır. İlkin qiymətləndirmələrə görə, perspektivdə fasiləsiz tədarükü təmin etməsi üçün marşrutun inkişafına 18,5 milyard avro tələb olunacaq. Yatırımların əhəmiyyətli hissəsini Avropa İttifaqı öz üzərinə götürməyə hazırdır. İnvestisiyalar, o cümlədən dəmir yolu və avtomobil dəhlizlərinin bərpası və yenidən qurulması, limanların ötürücülük qabiliyyətinin artırılması və sərhədlərdə infrastrukturun inkişafı üçün lazımdır.

©report