BİZNES

02 Oktyabr

İNVESTİSİYA SƏYAHƏTİ layihəsi çərçivəsində Şəmkir şəhərində sahibkarlarla görüş keçirilib

Mərkəzi Bank tərəfindən kapital bazarına dair maliyyə savadlılığının artırılması üzrə maarifləndirmə tədbirləri davam etdirilir. Biznes subyektlərinin kapital bazarı vasitəsilə maliyyələşməsinin təşviqi və kapital bazarının imkanları haqqında məlumatlılığın artırılması məqsədi daşıyan “İnvestisiya səyahəti” layihəsi çərçivəsində Mərkəzi Bank, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası və investisiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə sahibkarlarla doqquzuncu görüş 29 sentyabr 2023-cü il tarixində Şəmkir şəhərində keçirilib.

Bu barədə Fins.az-a AMB-dan məlumat verilib.

Tədbirdə kapital bazarı üzrə ekspertlər tərəfindən sahibkarlara kapital bazarı vasitəsilə maliyyələşmə və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumat verilmişdir. Eyni zamanda investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektləri ilə bu barədə interaktiv müzakirələr aparılmış, təsərrüfatlara yerində baxış keçirilmiş və onların maliyyələşmə imkanları dəyərləndirilib.

Mərkəzi Bank, KOBİA və kapital bazarı iştirakçılarının birgə təşkilatçılığı ilə “İnvestisiya səyahəti” layihəsi çərçivəsində regionlarda tədbirlər davam etdiriləcəkdir.

Fuad Mədətov
Fins.az