BİZNES

28 Sentyabr

“Veysəloğlu Distribusiya” şirkəti regionda əsas işəgötürənlərdən biridir

“APA-Economics” “Veysəloğlu Distribusiya” şirkətinin İdarə Heyətinin üzvü, İnsan Resursları və Dəstək Xidmətləri direktoru Samir Əmirovla müsahibəni təqdim edir:

- Samir bəy, ilk öncə şirkətin fəaliyyəti ilə bağlı qısa məlumat verərdiniz.

- Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” gündəlik tələbat mallarının, qida və qeyri-qida məhsullarının, eyni zamanda, həm yerli, həm də beynəlxalq təchizatçıların ölkədəki əsas distributorlarından biridir. Biz ölkənin hər bir nöqtəsinə çatan, geniş şaxəli bir distribusiya şəbəkəsinə sahibik. Nəinki Bakıda, eyni zamanda, Azərbaycanın ən ucqar nöqtələrində belə bizim distribusiyasını etdiyimiz məhsulları görə bilərsiniz. Bütün bunları həyata keçirmək üçün əlbəttə ki, bizə insan resursları lazımdır. Biz hazırda 2 mindən çox işçisi olan bir şirkətik. Əməkdaşlarımızın əsas hissəsi Bakı və ətraf bölgələrdə fəaliyyət göstərir. Şirkət əməkdaşlarımızın 40%-i isə bölgələrdədir. Təqdim etdiyimiz vakansiyalar nəticəsində il ərzində regionlarda 100-dən çox iş imkanı yaranır. Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanda ən böyük işəgötürənlərdən biridir. Biz il ərzində 300 və daha çox işə qəbul həyata keçiririk. Onu da qeyd edim ki, biz sadəcə əməkdaşların əmək haqlarını ödəyən şirkət deyilik. Biz, eyni zamanda, onların müxtəlif istiqamətli sosial təminatlarını da yerinə yetirən şirkətik. Onların aylıq fəaliyyətinə görə mükafatlandırılması, təlimlərə cəlb edilməsindən tutmuş tibbi xidmət almasına qədər dəstək oluruq.

- Şirkətiniz əməkdaşları üçün hansı üstünlüklər verir?

- Bizim digər şirkətlərdən fərqimiz dinamik formamızdır. Təbiətində cəldlik, yenilikçilik olan FMCG (Fast moving consumer goods - Gündəlik təlabat məhsulları) biznesində bizimlə çalışmağa başlayan əməkdaşlarımız burada biznes yönümlü olma, çevik və rəqəmsal düşünmə, müxtəlif biznes həlləri təqdim edə bilmə kimi səriştələr əldə edirlər. Bundan başqa, şirkətimizdə çoxyönlü və perspektivli karyera imkanları olduğu üçün karyerasının başında aramıza qatılan təcrübəçilərin vertikal və horizontal istiqamətlər üzrə irəliləmək imkanı olur. Şirkətimiz işçilərin təlim və inkişafını təmin etmək üçün ciddi imkanlar yaradır.Yetər ki, əməkdaşın özündə həvəs, istək və potensial olsun. Bu məqsədlə bu il Satış Akademiyasını yaratdıq. Satış Akademiyasının hədəfi “Veysəloğlu Distribusiya” şirkətinin satış heyətinin texniki, idarəetmə və liderlik bacarıqlarını təkmilləşdirməklə insan kapitalı üzrə rəqabət üstünlüyü əldə etmək və şirkətin davamlı gəlirliliyini artırmaqdır.

Bununla yanaşı, biz satış sahəsində təcrübəli mütəxəssisləri ölkəyə dəvət edərək daxili təlimçilər də yetişdiririk. Onlar vasitəsilə isə öncül təcrübələri digər əməkdaşlarımıza da öyrədirik. Həmçinin əməkdaşlarımıza onlayn öyrənmə mədəniyyəti aşılayırıq. Çalışırıq ki, əməkdaşlarımız beynəlxalq təcrübələri öyrənsin. Onların beynəlxalq sertifikasiya xərclərini şirkət olaraq biz qarşılayırıq. Onu qeyd edim ki, bu il ərzində 1500-dən çox əməkdaşımıza müxtəlif istiqamətli təlimlər vermişik. Hədəfimiz əməkdaşlarımızın hər birinin fərdi və karyera inkişafına dəstək olmaq, şirkətimizin strateji kadr ehtiyatını formalaşdırmaqdır.

Əmək haqqı, mükafatlandırma və imtiyazlarımızı davamlı olaraq yaxşılaşdırırıq. Bu sahədə qlobal şirkətlərlə çalışırıq. Şirkətimizin strateji fəaliyyətini dəstəkləyən istiqamətlərdə bazardan daha üstün mükafatlandırma sistemləri təqdim edirik.

- “Veysəloğlu Distribusiya” şirkətinin iş mühiti haqda nə deyə bilərsiniz?

- “Veysəloğlu Distribusiya” dəyərlər üzərində qurulmuş bir şirkətdir. Hər şirkətin biznes mühiti fərqlidir. Bizim iş mühitimizi də Ədalətlilik, Məsuliyyət, Təşəbbüskarlıq, Etibarlılıq, Birlik və Bütünlük kimi dəyərlərimiz formalaşdırır. Bu dəyərlər bizim əməkdaşlarımızı birləşdirir.

Korporativ iş mühitinin yaxşılaşdırılması, əməkdaşlarımızın şirkətə bağlılığının artırılması üçün davamlı olaraq proseslərimizi təkmilləşdirir, müasir və qlobal trendlərə uyğun bir iş yeri yaratmağa çalışırıq.

İlin əvvəlində keçirdiyimiz işçi bağlılığı sorğusunun nəticələrinin 85%-in üzərində olması görülən fəaliyyətlərin göstəricisidir deyə bilərik. Bütün bunlar karyerasını “Veysəloğlu Distribusiya” şirkətində davam etdirmək istəyən namizədlər üçün bizi cəlbedici iş yerinə çevirir.

- Şirkətinizdə iş imkanları haqda məlumat verərdiniz?

- Bazarda özünü təsdiqləmiş, güclü və səriştəli distribusiya komandasına sahibik. Daha əvvəl də qeyd etdiyim kimi, il ərzində 300-dən artıq işə qəbul həyata keçiririk. Şirkətimizin internet səhifəsində ( //karyera.veyseloglu.az/ ) və müxtəlif işə qəbul[JA1] portallarında da davamlı olaraq vakansiya elanlarımızı yerləşdiririk. Daxili kadr potensialımızdan yararlanmağa çalışsaq da, kənardan yeni və fərqli düşüncəli, səriştəli, təcrübəli kadrların aramıza qatılmasına hər zaman açığıq. Vakansiyalarımızın təxmini 40%-i bölgə, 60%-i isə Bakının üzərinə düşür.

Bundan başqa, şirkətimizin insan resurları bütün universitetlərin bütün ixtisaslarına açıqdır. Satışın bakalavr təhsili yoxdur. Bu elə bir sahədir ki, satış yönümlü, cəld, nəticəyə fokuslu olmağı tələb edir. Beyin olaraq insan biznes düşüncəli olmalıdır. Bizə müraciət edən heç bir universitetə “Yox” demirik. Hər il 100-dən çox tələbə şirkətimizdə təcrübə keçir. Onlardan 70%-ə qədəri təcrübəni bitirdikdən sonra bizim şirkətdə çalışmaq üçün müraciət edirlər.

Şirkətimizdə gender balansını qorumağa maraqlıyıq. Satış deyərkən ağla ilk olaraq kişilər gəlir, lakin bizim əməkdaşların 40%-i qadınlardır. Xanım əməkdaşlarımız şirkətimizdə əsasən merçendayzinq istiqamətində fəaliyyət göstərirlər. Satışla yanaşı, maliyyə, təchizat, kommersiya, insan resursları, rəqəmsallaşdırma kimi qeyri-satış funksiyalarımızda da yüzlərlə xanım işləyir.

- Son zamanlar şirkətlərdə sürətli rəqəmsallaşma tendensiyası görürük. Sizin şirkətdə bununla bağlı hansı işlər görülür?

- Biz çalışırıq ki, bazarın trendlərinə uyğunlaşaq, rəqəmsallaşaq. Bu istər insan resursları, istərsə də biznes tərəfdə özünü göstərir. Biz 2022-ci ilin əvvəlindən etibarən kommersiya və qeyri-kommersiya funksiyalarında qlobal olaraq tanınmış SAP proqramının tətbiqinə başlamışıq. İnsan Resurslarının əməliyyat prosesində SAP-nin tətbiqi səmərəliliyin artırılmasına, proseslərin keyfiyyətinin təkmilləşdirilməsinə ciddi töhfə vermişdir. Təlim və inkişaf istiqamətində tətbiq olunan Udemy, Talent LMS kimi onlayn öyrənmə platformaları əməkdaşlarımızın bilik və bacarıqlarının artırılmasına, şirkətimizdə öyrənmə mədəniyyətinin formalaşmasına xidmət etməkdədir. Biz yeni işə qəbul olan əməkdaşlara rəqəmsal adaptasiya proqramları təqdim edirik. Həmçinin kağız üzərində olan proseslərimizi də sürətlə rəqəmsal platformalara keçiririk. Paralel olaraq, insan resurslarının strateji fəaliyyətləri istiqamətində də sürətlə rəqəmsallaşma işləri davam etməkdədir. Növbəti il üçün talantların idarə edilməsi prosesi də rəqəmsal platformaya keçiriləcək.