BİZNES

26 Sentyabr

Bakıda  Türk Dövlətləri II Aqrobiznes Forumu çərçivəsində panel sessiyalar keçirilib

Bakıda  Türk Dövlətləri II Aqrobiznes Forumu çərçivəsində panel sessiyalar keçirilib. Panel sessiyalarda iştirak edən dövlət və biznes subyektlərinin nümayəndələri TDT ölkələrinin iqtisadi, aqrar potensialı, investisiya imkanları, həyata keçirilən islahatlar və mövcud nəqliyyat infrastruktur layihələri barədə tədbir iştirakçılarına ətraflı məluat veriblər.

Fins.az xəbər verir ki, tədbirdə çıxış edən natiqlər TDT ölkələrinin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi imkanları, yerli və xarici iş adamlarına göstərilən dəstək və xidmətlər barədə təcrübələri bölüşüblər. Mütəxəssislər işgüzar dairələr arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

Panel sessiyalarda “Türkdilli Dövlətlər Təşkilatı ölkələrinin qlobal iqtisadiyyatda və kənd təsərrüfatında yeri”, “Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə kənd təsərrüfatının inkişaf dinamikası”, “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı sahəsində inteqrasiya imkanları” mövzularında təqdimatlar keçirilib.  

Daha sonra II Türk Dövlətləri Aqrobiznes Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib. İkitərəfli görüşlərdə kənd təsərrüfatının bütün sahələri üzrə əməkdaşlıq imkanları müzakirə olunub.