“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində cari ilin birinci yarım ilinin monitorinq və qiymətləndirilməsinə dair “Yaradıcı və innovativ cəmiyyət” məqsədi üzrə ümumi hesabatının “Innovasiya” İşçi qrupunda müzakirəsi keçirilib.
Fins.az xəbər verir ki, videoformatda keçirilmiş iclasda çıxış edən İşçi qrupun sədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov Strategiya barədə məlumat verib və bu çərçivədə “Yaradıcı və innovativ cəmiyyət” məqsədi üzrə nazirlik tərəfindən görülmüş işlər barədə danışıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Rəşad Hüseynov Strategiyanın icrasının monitorinq və qiymətləndirilməsi prosesi və metodologiyası, həmçinin İşçi qrupların reqlamentləri barədə məlumat verib. O bildirib ki, Strategiya üzrə görülmüş tədbirlərin monitorinq və qiymətləndirilməsinin aparılmasında məqsəd nəticəəsaslı iş aparmaq və tədbirlərin icrasını təmin etməkdir.
İİTKM-in Strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsinə dair 2023-cü ilin birinci yarımilliyi üzrə hazırlanmış tərəqqi hesabatlarını təqdim edib.
Sonra iclasda hesabat üzrə müzakirələr aparılıb, təkliflər səsləndirilib və növbəti addımlar müəyyənləşdirilib.
“İnnovasiya” İşçi qrupunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Elm və Təhsil, Xarici İşlər, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Müdafiə Sənayesi, Kənd Təsərrüfatı, Mədəniyyət və Energetika nazirlikləri, həmçinin Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Əqli Mülkiyyət Agentliyi və AMEA-nın müvafiq şöbə və bölmələrinin rəhbər şəxsləri təmsil olunurlar.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb.