Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramının birgə təşkilatçılığı ilə 29 sentyabr – 01 oktyabr 2023-cü il tarixlərində ölkəmizdə II Azərbaycan Milli Şəhərsalma Forumu keçiriləcək. Tədbir işğaldan azad edilmiş Zəngilan və paytaxt Bakı şəhərlərində “Şəhərsalma Həftəsi” çərçivəsində baş tutacaq.
Fins.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, yerli və xarici mütəxəssislərin bir araya gələcəyi üç günlük Forumda “Dayanıqlı şəhərlər iqtisadi inkişafın və bərabərsizliklə mübarizənin aparıcı qüvvəsi rolunda” mövzusu altında inklüziv, ağıllı və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və yeni yanaşmalar, beynəlxalq əməkdaşlıq imkanları müzakirə ediləcək. Həmçinin Forum müddətində Türk Dövlətləri Təşkilatının Nazirlərinin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün regional çağrışlar istiqamətində toplantıları keçiriləcək.
II Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak etmək istəyənlər nufa.az saytının müvafiq bölməsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat 25 sentyabr 2023-cü il tarixində başa çatacaq.