2024-cü ildə Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 41,1%-ni və ya 13865 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin dürüstləşdirilmiş proqnozundan 1122 milyon manat və ya 7,5%, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1678 milyon manat və ya 10,8% azdır.
Fins.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.
Sənəddə qeyd edilir ki, qeyri- neft/qaz ÜDM-in real ifadədə 4% artaraq 77,6 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. 2023-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3% azalacağı gözlənilir.
Proqnozlara əsasən ortamüddətli dövrdə ölkədə qeyri-neft/qaz ÜDM-in həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5% intervalında olacağı gözlənilir.