BİZNES

20 Sentyabr

“Türk iqtisadi icmalı”nın növbəti sayı təqdim olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) hazırladığı “Türk iqtisadi icmalı”nın 2023-cü ilin birinci yarımilliyinə həsr olunmuş sayı təqdim edilib. İcmalın bu sayı iki bölmədən ibarətdir. Birinci bölmədə Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi ölkələrinə dair ümumi baxış təqdim edilib, onların ərazisi, əhalisi, ümumi daxili məhsulu (ÜDM) və ticarət dövriyyəsi üzrə ümumiləşdirilmiş göstəricilər və dünyadakı payı təsvir edilib, türk ölkələrinin ayrı-ayrılıqda ÜDM artımının müqayisəsi aparılıb. Həmçinin, türk dünyasından keçən mövcud və planlaşdırılan nəqliyyat dəhlizləri əks etdirilib. TDT-yə daxil olan üzv və müşahidəçi ölkələrin bütövlükdə əhatə edildiyi icmal 8 dildə təqdim olunub.

Fins.az xəbər verir ki,icmalın TDT-nin üzv və müşahidəçi dövlətlərinə ümumi baxış statistikasında göstərilib ki, 2022-ci il üzrə türk dövlətlərinin ÜDM-si 1537,0 milyard ABŞ dolları, ticarət dövriyyəsi isə 1192,7 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin ilk yarımilliyində Türkiyə iqtisadiyyatı 3,8 faiz, Azərbaycan  0,5 faiz, Özbəkistan iqtisadiyyatı 5,6 faiz, Qırğızıstan iqtisadiyyatı 3,9 faiz, Qazaxıstan iqtisadiyyatı isə 5,1 faiz böyüyüb. TDT-yə müşahidəçi olan  Macarıstanda isə 2023-cü ilin ilk yarımilliyində 2,4 faiz iqtisadi geriləmə qeydə alınıb. Dövlət büdcəsinin gəlirlərinin artımı baxımından ən yaxşı göstərici 48,6 faizlə Türkiyədədir. Türkiyənin dövlət büdcəsinin gəlirləri 2023-cü ilin ilk yarımilliyində 72 203,6 milyon ABŞ dolları olub. Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (ticarət balansı 8739,7 milyon ABŞ dolları) və Azərbaycan (ticarət balansı 6556,7 milyon ABŞ dolları) malikdir. 2023-cü ilin ilk yarımilliyi ərzində TDT-yə üzv ölkələrin hər birində əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilir.

Qeyd edək ki, “Türk iqtisadi icmalı”nın ikinci bölməsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın 2023-cü ilin ilk yarımilliyi üzrə, Şimali Kipr Türk Respublikasının isə 2021-ci il üzrə əsas makroiqtisadi göstəriciləri müqayisəli şəkildə verilib.

“Türk iqtisadi icmalı” statistik nəşrinin Azərbaycan variantı ilə bu linkdən //bitly.ws/VbJh, ingilis variantı ilə bu linkdən //bitly.ws/VbJQ, rus variantı ilə bu linkdən //bitly.ws/VbK7, türk variantı ilə bu linkdən //bitly.ws/VbJA, macar variantı ilə bu linkdən //bitly.ws/VbKz, özbək variantı ilə bu linkdən //bitly.ws/VbKN, qazax variantı ilə bu linkdən //bitly.ws/VbKX və qırğız variantı ilə isə bu linkdən //bitly.ws/VbLs tanış olmaq mümkündür.