BİZNES

19 Sentyabr

“İqtisadi artım üzrə işçi qrupu”nun ilk iclası keçirilib

Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası üzrə görülən işlər müzakirə edilib.

Fins.az xəbər verir ki, 2022-2026-cı illərdə ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulan dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə hədəfə nail olunması məqsədilə yaradılmış “İqtisadi artım üzrə işçi qrupu”nun ilk iclası keçirilib.

İclasda çıxış edən işçi qrupun sədri, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov  ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyası üzrə tədbirlərin reallaşdırılmasının dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafa nail olunmasında rolunu vurğulayıb. Nazir müavini işçi qrupunun fəaliyyət istiqamətləri üzrə tədbirlərin icra vəziyyətini, İqtisadiyyat Nazirliyinin əsas icraçısı olduğu tədbirlər üzrə 2023-cü ilin ilk 6 ayı ərzində görülmüş işləri diqqətə çatdırıb. Qeyd olunub ki, strategiya üzrə işlərin effektivliyinin təmin edilməsi məqsədilə monitorinq və qiymətləndirmə portalı yaradılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Rəşad Hüseynov strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsinə dair 2023-cü ilin birinci yarımilliyi üzrə hazırlanmış hesabatları təqdim edib.

İclasda effektivliyin daha da artırılması istiqamətində işçi qrupunun üzvləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə müzakirələr aparılıb, növbəti addımlar müəyyənləşdirilib.

 Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 işçi qrupu yaradılıb.