BİZNES

18 Sentyabr

Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək

Azərbaycanda ilk dəfə keçiriləcək Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisində yerli istehsalçıların məhsulları, müasir istehsal avadanlıqları və texnologiyaları nümayiş olunacaq.

Fins.az xəbər verir ki, 7-9 dekabr tarixlərində Bakı İdman Sarayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” keçiriləcək.

Azərbaycanda ilk dəfə keçiriləcək sərgidə ölkəmizdə fəaliyyət göstərən müəssisələrin istehsal etdikləri məhsullar, eləcə də müasir istehsal avadanlıqları və texnologiyaları nümayiş olunacaq. Sərginin keçirilməsinin məqsədi yerli məhsulların alınmasını təşviq etmək, onları geniş istehlakçı auditoriyasına tanıtmaqdır.

“1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”ndə yerli istehsalçıların son illər ərzində əldə etdikləri nailiyyətlər, yerli brendlər və onların istehsal texnologiyaları barədə məlumat almaq mümkün olacaq.

İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, Sahibkarlığın İnkişafı Fondu, Dövlət Məşğuluq Agentliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərgi çərçivəsində həmçinin müxtəlif müsabiqələr, təqdimatlar və “B2B” görüşlərin keçirilməsi nəzərdə tutulur.

Sərgidə məhsullarını təqdim etmək istəyən yerli istehsalçılar *0555 nömrəsinə müraciət edə bilərlər.