BİZNES

15 Sentyabr

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında əməkdaşlıq genişlənir

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında nəqliyyat-tranzit, investisiya, rəqəmsallaşma və s. sahələrdə də əməkdaşlığın gücləndirilməsi təşəbbüsləri artmaqdadır.

Fins.az xəbər verir ki, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir.

Səfərin ilk günü İstanbul şəhərində Türk Dövlətləri Təşkilatının iqtisadiyyat və ticarət üzrə məsul nazirlərinin 12-ci görüşü keçirilib.

Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat nazirlərin 12-ci görüşünün iştirakçılarını salamlayaraq iclasın işinə uğurlar arzulayıb.

Görüşdə çıxış edən İqtisadiyyat nazirinin birinci müavini türk dövlətləri arasında əlaqələrin inkişafında ortaq tarix, mədəniyyət və dəyərlərin, ölkələrimizin təmsil olunduğu qurumların, xüsusilə Türk Dövlətləri Təşkilatının mühüm rolunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycanın quruma üzv olan ölkələrlə tərəfdaşlığı digər sferalarda olduğu kimi, iqtisadi-ticarət sahəsində də genişlənir. Bununla belə, son dövrlərdə nəqliyyat-tranzit, investisiya, rəqəmsallaşma və s. sahələrdə də əməkdaşlığın gücləndirilməsi təşəbbüsləri artmaqdadır. Bu baxımdan, Türk İnvestisiya Fondunun, Türk Ticarət Evinin yaradılması, ticarət prosedurlarının asanlaşdırılması, rəqəmsal ticarət, ölkələrimizin azad iqtisadi və sənaye zonaları arasında əməkdaşlıq platformasının formalaşdırılması iqtisadi əlaqələrin genişləndirilməsində önəmli təşəbbüslərdir.

Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliyev, Özbəkistan Respublikasının gənclər siyasəti və idman nazir Adham İkramov, Qazaxıstan Respublikasının Milli iqtisadiyyat nazirinin müavini Abzal Abdikarimov, Qırğızıstan Respublikasının iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldiyev, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və energetika naziri Olqun Amcaoğlu çıxışlarında geniş bir coğrafiyada əhatə olunan, böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və bir çox imkanlara malik Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr tərəfindən milli maraqlar nəzərə alınaraq qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikirlər səsləndiriblər.

Həmin gün İstanbulda Türk Dünyası Biznes Forumu keçirilib.

İqtisadiyyat nazirinin birinci müavini Forumda çıxış edərək qloballaşan dünyada baş verən çağırışların həllində türk dövlətlərinin birgə fəaliyyətinin önəmini vurğulayıb. Bildirilib ki, enerji sektorunda birgə təşəbbüslər regional və qlobal enerji mənzərəsini əhəmiyyətli dərəcədə yenidən formalaşdırıb. Bu birgə səylər təkcə iştirakçı dövlətlərin enerji təhlükəsizliyini artırmaqla yanaşı, həm də Avropanın ənənəvi enerji mənbələrindən asılılığını azaltmağa xidmət edir.

Qeyd edilib ki, Türk dövlətləri tərəfindən həyata keçirilən əməkdaşlıq və birgə investisiyalar regionun nəqliyyat və ticarət dinamikasına fəal təsir edir və bu kontekstdə Zəngəzur dəhlizinin iqtisadi səmərəliliyi şübhəsizdir.

Təşkilata üzv ölkələrin ticarət və investisiyalar, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və s. kimi sahələrdə tərəfdaşlığı dərinləşdirməsi üçün böyük potensial mövcuddur. Türk İnvestisiya Fondunun yaradılması qarşılıqlı layihələrin maliyyələşdirilməsi və üzv ölkələr arasında gələcək əməkdaşlığın gücləndirilməsi üçün mühüm perspektivlər vəd edir.

 

Biznes forumda çıxış edən Türkiyə Ticarət Palatası və Birjaları Birliyinin (TOBB) prezidenti Rifat Hisarcıklıoğlu, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) prezident Məmməd Musayev, Qazaxıstan Respublikası Milli Sahibkarlar Palatasının (ATAMEKEN) sədri Raimbek Batalov, Qırğız Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Temir Sariev, Özbəkistan Respublikası Ticarət və Sənaye Palatasının sədri, gənclər siyasəti və idman naziri Adham İkramov, Macarıstan Ticarət və Sənaye Palatasının prezidenti Parraq Laslo, Türkmənistan Ticarət və Sənaye Palatasının sədri Merqen Qurdov, Kipr Türk Ticarət Palatasının sədri Turqay Deniz və Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amrayev təşkilatda təmsil olunan ölkələr ara­sında çoxtərəfli əməkdaşlıq əlaqələriinin inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər. Qeyd edilib ki, indiyədək birliyə üzv dövlətlərin müvafiq qurumlarının yük­sək səviyyəli rəsmiləri arasında çox­saylı görüşlər keçirilib, bir neçə biznes forum gerçəkləşdirilib. Bütün bunlar quruma üzv döv­lətlərin iqtisadi imkanları, əməkdaşlıq sahələrinin təqdim edilməsi, o cümlədən, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahi­bkarlar arasında işgüzar əlaqələrin dərinləşməsi üçün mühüm əhəmiyyət daşıyır.

Forum işgüzar dairələrin iştirakı ilə keçirilən ikitərəfli  görüşlərlə davam edib.