“Aztelekom” MMC biznes subyektlərinin yüksəksürətli internetə artan tələbatını və istəklərini nəzərə alaraq yeni müştərilər üçün mövcud tarif paketlərini yenilənmiş tərkibdə təqdim edir.
Fins.az xəbər verir ki, yeni tariflər xüsusilə kiçik və orta bizneslərdə effektivlik və səmərəliliyin artırılmasına dəstək məqsədilə daha münasib qiymətlərlə və güzəştli şərtlərlə təqdim olunur.
Yenilənmiş tariflər aşağıdakılardır:
- GPON (Gigabit tutumlu Passiv Optik Şəbəkə)
- ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti)
- DIA (Ayrılmış İnternet Kanalı) texnologiyaları vasitəsilə
Xüsusilə GPON tariflərində yeni tarif paketini seçəcək biznes subyektləri təqdim olunan güzəştlərlə yanaşı, Tvin TV-dən də (GPON texnologiyasına qoşulmaqla) istifadə edə biləcəklər. Eyni zamanda, cari paketlərdən istifadə edən müştərilərin Tvin TV-yə olan tələbatı da nəzərə alınıb. Belə ki, mövcud müştərilərə “Aztelekom”un daha sərfəli yeni GPON tarif və paketlərini seçməklə Tvin TV-dən istifadə imkanı təqdim olunur.
Biznes subyektləri Tvin TV-ni əldə etməklə 247 ədəd TV kanalı, həmçinin verilişlərin 7 günlük arxivini heç bir yaddaş kartı olmadan izləmək, avadanlıqda “YouTube” və "Netflix" kimi tətbiqlərdən istifadə etmək imkanına sahib olacaqlar. İstifadəçilər adi TV deyil, Smart TV funksiyalarına malik xidmət əldə edəcəklər.
Yeni tariflər biznes sahiblərinə daha əlverişli və daha əlçatan şərtlərlə internet xidmətindən istifadə etmək imkanı yaradacaq. Belə ki, sahibkarlar tariflərlə paralel olaraq istifadəyə veriləcək paket şəklində təklif edilən xidmətlər vasitəsilə bizneslərinə lazım olan bütün xidmətlərdən cari istifadə etdikləri GPON tariflərini dəyişmədən yararlana biləcəklər.
Yeni tariflərlə linkdə tanış olmaq mümkündür. Həmin paketlərdən yararlanmaq istəyən müştərilər “Aztelekom”un “170” Çağrı Mərkəzinə və ya ərazi üzrə xidmət göstərən müvafiq şöbəyə müraciət edə bilərlər.