BİZNES

07 Sentyabr

Azərbaycanda vergi ödəyicilərinin "sabit qəbz" əldə edilməsi üçün yeni layihə hazırlanıb

Vergi ödəyicilərinin sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi üçün sabit qəbzin əldə etməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mərkəzlərinə müraciət etməsinə ehtiyac qalmayacaq.

Fins.az xəbər verir ki, bunu Xidmətin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət Idarəsinin rəisi Nigar Vahabzadə “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

N.Vahabzadənin sözlərinə görə, məqsəd vergi ödəyicilərinin işini asanlaşdırmaqdır:

“Bizim yeni layihəmiz var. Belə ki, artıq vergi ödəyiciləri sabit qəbz əldə etmək üçün Xidmət mərkəzlərində deyil yaşadıqları ərazilərdə ödəniş terminalları vasitəsi ilə ödəniş edərək həmin qəbzi əldə edəcəklər. Bu isə vergi ödəyicilərinin işini asanlaşdıracaq və bizə də yeni növ xidmətlərlə bağlı işlər görməyə şərait yaradacaq”.

Qeyd edək ki, Vergi Məcəlləsinin 220.10-cu maddəsinə qeyd edilən şəxslər fəaliyyətlərini sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ ödəməklə həyata keçirirlər. Bu tip vergi ödəyicilərinə ofisiant, pinəçi, bərbər, dərzi, saat təmirçisi və digər oxşar fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar aiddir.

Həmin fəaliyyət koduna uyğun gələn və işçisi olmayan fərdi sahibkarlar sabit qəbz almaqla fəaliyyətlərini həyata keçirə bilir.