Сaspian Energy Club-un nümayəndə heyəti Gürcüstanın Batumi şəhərinə işgüzar səfərlə ziyarət edib. Business Tour Caspian Energy Club tərəfindən 20 ölkədə planlaşdırılan və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev cənablarının 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilmişdir. Bu barədə Caspian Energy Club Georgia-nın İdarə Heyətinin sədri Natiq Məmmədov bildirib.
Fins.az xəbər verir ki, Business tour çərçivəsində Acarıstan Muxtar Respublikasının Hökümətinin sədri Tornike Rijvadze Caspian Energy Club-un sədri və qrupun Baş icraçı direktoru Telman Əliyevi və klubun üzvlərini qəbul edib. Görüşdə həmçinin Caspian Energy Club Georgia-nın İdarə Heyətinin sədri Natiq Məmmədov, Caspian Energy Club Kazakhstan-ın İdarə Heyətinin sədri Rəhim Sultanov, Caspian Energy Club Türkiye-nın İdarə Heyətinin sədri Süleyman Məcidli iştirak ediblər. Round table formatında keçən görüş əsnasında Tornike Rijvadze sahibkarların suallarını cavablandırıb, təkliflərini dinləyib və Acarıstan Muxtar Respublikasının investisiya potenisalı, habelə yeni layihələr haqqında geniş məlumat təqdim edib. "Bundan sonra bu formatda görüş və tədbirlərin təşkilini davam etdirməyə çalışacağıq", - Caspian Energy Club Georgia-nın İdarə heyətinin sədri Natiq Məmmədov qeyd edib. Onun sözlərinə görə Batumi və Naxçıvan qardaşlaşmış şəhərlərdir. "Biz Naxçıvanda da Acarıstan Muxtar Respublikasının sahibkarları üçün eyni formatda görüş təşkil etməyi planlaşdırırıq", - Natiq Məmmədov əlavə edib.
“Mən öz növbəmdə dəstəkləri ilə Gürcüstana səfərimizi təşkil etdiyimiz Assistance Group, The Grand Gloria Hotel Batumi və Caspian Service investisiya şirkətinə xüsusi təşəkkürümü bildirmək istəyirəm”, - deyə Telman Əliyev qeyd edib.
Bundan əlavə, Acarıstan Muxtar Respublikasının maliyyə və iqtisadiyyat naziri Jaba Putkaradze ilə də görüş keçirilib. Görüş əsnasında şirkət nümayəndələri öz fəaliyyətləri barədə məlumat paylaşıblar. Görüşdə Natiq Məmmədov Avropa və Asiyadan olan turistlər üçün Gürcüstanda, o cümlədən Acarıstanda təşkil olunan uğurlu turizm layihəsi barədə iştirakçılara məlumat verib. Caspian Energy Club Kazakhstan İdarə Heyətinin sədri Rəhim Sultanov Batumidə “Caspian Service” şirkəti tərəfindən tikilən yaşayış binası kompleksinin tikintisi ilə bağlı təqdimatla çıxış edib. “Yağmur-2” şirkətinin təsisçisi Namiq Hacıyev də öz növbəsində məişət tullantılarının emalı üzrə layihə təqdim edib. Acarıstan Respublikası hökuməti gələcəkdə həyata keçirilməsi gözlənilən bu layihəni böyük maraqla qarşılayıb. Süleyman Məcidli enerji səmərəliliyinin imkanlarından və müxtəlif enerji layihələrinin, o cümlədən “yaşıl” enerji layihələrinin həyata keçirilməsindən danışıb.
Həmçinin Business Tour çərçivəsində fərqli sahə və sektorları təmsil edən dövlət və özəl şirkətlərin bir çox top menecerini bir araya toplayan B2B Forum təşkil olunmuşdur.
Forumun əsas məqsədi Caspian Energy Club-a üzv olan şirkətlərin top menecerlərinin Acarıstan Muxtar Respublikasına olan maraqlarını artırmaq və bu bölgənin investisiya potensialı haqqında ətraflı məlumat verməkdir.
Forumda fəxri qonaq qismində Acarıstan Muxtar Respublikasının maliyyə və iqdisadiyat naziri Jaba Putkaradze , Acarıstan Muxtar Respublikasının Ticarət və Sənaye Palatasının sədri Djordje Romanadze, Azərbaycanın Batumidəki Baş Konsulu Pərviz İsmayılzadə, Batumi şəhərinin vitse-meri Levan Davitadze iştirak ediblər.
B2B forumda salamlama nitqi ilə çıxış edən Caspian Energy Club Georgia-nın İdarə Heyətinin sədri Natiq Məmmədov Azərbaycan Respublikasının Gürcüstandaki səfiri Faiq Quliyevə, Gürcüstanin Azərbaycandakı səfiri Zurab Pataradze və Azərbaycanın Batumidəki Baş Konsulu Pərviz İsmayılzadəyə Forumun təşkilində göstərdikləri dəstək və əməkdaşlıq üçün təşəkkürünü bildirib. “Klub üzvləri Batumi şəhərinin vitse-meri Levan Davitadze ilə görüşdə iştirak ediblər və görüş çərçivəsində öz layihələrini təqdim edib, şəhər meriyasına suallarını verib, təkliflərini irəli sürüblər. Xüsusi qeyd etmək istərdim ki, görüşlərimiz çox produktiv keçdi və bu görüşlərin nəticələrinin hər iki tərəf üçün çox məhsuldar olacağından əminik”, - deyə Natiq Məmmədov bildirib.
Caspian Energy Club-un İdarə Heyətinin sədri və qrupun Baş icraçı direktoru Telman Əliyev B2B Forum çərçivəsində olan çıxışında qeyd edib ki, Caspian Energy Club fəaliyyətini nəinki Gürcüstanın müxtəlif şəhər və regionlarında, həmçinin dünyanın 100 şəhərində genişləndirəcək və Azərbaycandakı fəaliyyətini bu ölkələrdə də həyata keçirəcək. "Bu il ərzində biz fəaliyyətimizi Türkiyə, Çexiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan və bir sıra digər ölkələrdə aktivləşdirmişik. İlin sonuna qədər bu ölkələrin və şəhərlərin sayı artacaq. Caspian Energy Club-un qarşısında qoyulan məqsəd beynəlxalq biznesin networking partnyoruna çevrilməkdir. Apardığımız fəaliyyət artıq bunu özündə əks etdirir.
“Caspian Energy Club-a göstərilən daimi dəstəklərinə və klubun üzvləri ilə apardıqları açıq və səmimi dialoqa görə öz növbəmdə Gürcüstan hakimiyyətinə, o cümlədən Acarıstanın rəhbərliyinə minnətdarlığımı bildirirəm", - Telman Əliyev bildirib.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, İsrail, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.