BİZNES

05 Sentyabr

Azərbaycan–Qazaxıstan – Orta Dəhlizin “bel sütunu”

Uzaq Çindən Türkiyəyə və Avropa ölkələrinə, eləcə də əks istiqamətdə yük axınının artırılmasını təmin edən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) region ölkələrinin ticarət-iqtisadi əlaqələrinin səmərəliliyinin yüksəldilməsində mühüm rol oynayır. Orta Dəhliz Asiya və Avropanı birləşdirən, regionunu bir neçə ölkəsinin ərazisindən keçən nəqliyyat və ticarət marşrutudur. Çindən başlayan bu marşrut Mərkəzi Asiya ölkələri – Qazaxıstan, Özbəkistan və Türkmənistanın ərazilərindən keçir, sonra Xəzər dənizi ilə Azərbaycana, oradan isə Gürcüstana, Türkiyəyə uzanır və Avropaya çatır. 

Xatırladaq ki, Orta Dəhliz ideya­sı 2014-cü ilin fevral ayında Azər­baycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə irəli sürülüb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazır­da marşrut Çin – Qazaxıstan sərhə­dindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

Artıq real fəaliyyət sahəsinə çev­rilmiş Orta Dəhliz getdikcə daha çox beynəlxalq dəstək qazanır. Təsadüfi deyil ki, son zamanlar Azərbaycanın şimal və cənub qonşuları sanksiya al­tında olduğundan Çin, Mərkəzi Asiya respublikaları və Avropa dövlətlərinin Azərbaycandan keçən bu marşruta marağı xeyli artıb. Bu da onu göstərir ki, yaxın illərdə Orta Dəhliz öz imkanla­rına görə dünya ticarətinin ən mühüm həlqələrindən biri ola bilər. Məhz buna görədir ki, hazırda layihənin bütün iş­tirakçı dövlətləri adıçəkilən marşrutun funksionallığının artırılması istiqamə­tində güclü siyasi iradə nümayiş etdi­rirlər. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli format­larda əməkdaşlığın ildən-ilə genişlən­məsi isə daşımaların, yüklərin cəlb edilməsi, eləcə də logistika ilə bağlı məsələlərin uzlaşdırılmasına geniş im­kanlar yaradır. 

Məlum olduğu kimi, Orta Dəhlizin funksionallığının artırılmasında yeni platformada birləşən Azərbaycan, Türkiyə və Qazaxıstan mühüm rol oy­nayırlar. Hazırda adları çəkilən ölkələr dəhlizə daha çox həcmlərdə yüklərin cəlb olunması, həmçinin aşırma infrast­rukturunun genişləndirilməsi ilə bağlı digər iştirakçı dövlətlərin hökumətləri ilə intensiv müzakirələr aparırlar.

Son illər Qazaxıstan Orta Dəhliz­də fəal iştirakı diqqəti xüsusilə cəlb edir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən həftə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə parlamen­tinin növbəti sessiyasının açılışındakı çıxışında bildirib ki, ölkəsinin orta­müddətli perspektivdə Orta Dəhliz ilə daşımaların həcmi beş dəfə arta bilər. “Akord” nəşrinin bununla bağlı məlu­matına görə, dövlət başçısı Transxəzər marşrutunun Qazaxıstanın tranzit po­tensialının möhkəmlənməsində mü­hüm rol oynayacağı bildirilib. Bunun üçün tərəfdaş ölkələrin–Çin, Azərbay­can, Gürcüstan və Türkiyə ilə səyləri birləşdirməyin vacibliyini vurğulayan Qazaxıstan Prezidentinin sözlərinə görə, qarşıda “Baxtı” keçidində yeni quru limanının tikilməsi, Aktauda kon­teyner qovşağının inşasının sürətləndi­rilməsi, eləcə də Orta Dəhliz boyunca Qara dənizdə limanların gücünün ar­tırılması vəzifələri durur. “Artıq Çinin Sian və Gürcüstanın Poti limanlarında Qazaxıstanın terminallarının tikintisinə başlanılıb. Bu, Çinin “Bir kəmər, bir yol” meqalayihəsinin bizim milli təşəb­büslərimiz ilə birləşməsinin real örnək­ləridir”,–deyə Prezident əlavə edib. Qazaxıstanın dövlət başçısı, həmçinin dəniz infrastrukturunun inkişafı üzrə Kurık limanına xüsusi rol ayrılacaq və Aktau kimi tam logistika klasterinə çev­riləcək hərtərəfli planın zəruri olduğunu bildirib.

Təbriz YADİGAROV,
ETN İqtisadiyyat İnstitutununaparıcı elmi işçisi, dosent 

4250 kilometr dəmir yolu xət­lərindən və 500 kilometr dəniz yolundan ibarət olan Orta Dəhliz Azərbaycanla Avropa İttifaqı ölkələ­ri arasında dayanıqlı nəqliyyat əlaqələrinin səmərəli inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq nəqliyyat marşrutlarının səmərəlili­yinin artırılması məqsədilə ölkəmiz­də yaradılmış əlverişli infrastruktur Azərbaycanı Orta Dəhliz üzrə yeni ticarət yolununun daha perspektiv­li dayaq nöqtəsinə çevirir. Ölkəmiz bu ticarət dəhlizinin yaxın və uzun müddətli dövrlər üzrə əhəmiyyətini nəzərə alaraq artan ticarət həcmi­ni idarə etmək məqsədilə nəqliyyat infrastrukturunun inkişafına və tək­milləşdirilməsinə böyük sərmayə yönəltməklə üzərinə düşən bütün öhdəlikləri uğurla icra edir. 

Bu baxımdan Orta Dəhlizdə Azərbaycanın fəal tərəfdaşı olan Qazaxıstanda da mühüm tədbir­lər həyata keçirilir. Xatırladaq ki, Prezident Kasım-Jomart Toka­yevin 2023-cü il sentyabrın 1-də parlamentin növbəti iclasının açı­lışında ortamüddətli perspektivdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Qazaxıstanın tranzit potensialı üzrə nəqliyyatın həcmini 5 dəfə artırıla bilcəyini qeyd etməsi bu marşrutun əhəmiyyətinin daha da artacağını göstərir. Bu isə təbii ki, tərəfdaş ölkələrlə, o cümlədən Çin, Azərbaycan, Gürcüstan və Türkiyə ilə əlaqələrin daha da inkişaf edə­cəyinə əsaslı təminat yaradır. Qa­zaxıstanda inşa ediləcək quru yük limanının, Aktauda konteyner qov­şağının tikintisi, Orta dəhliz boyunca Qara dənizdə liman obyektlərinin genişləndirilməsi, Çinin Sian şəhə­rində və Gürcüstanın Poti limanında Qazaxıstan terminallarının tikintisi gələcəkdə yükdaşımaların həcmini daha da artıracaq.

Qeyd etmək lazımdır ki, Azər­baycanla iqtisadi və ticarət əlaqələ­rinin daha da genişlənməsində, qar­şılıqlı sərmayə qoyuluşunda, eləcə də Orta dəhlizin formalaşmasında daha çox marağı olan Qazaxıstanın ölkəmizlə ticarət dövriyyəsi artan dinamika ilə inkişaf edir. Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin 7 ayında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 237 milyon 943 min dollar təşkil edib ki, bunun da 68 milyon 610 min dolları ixracın payına düşüb. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə yüksəkdir.

Yeri gəlmişkən, Avropa İttifaqı Qazaxıstandan mühüm materialları (litium, titan, kobalt və s.), o cümlə­dən nadir və nadir torpaq metalların idxalı zamanı Xəzər dənizi, Azərbay­can və Gürcüstandan keçən Orta Dəhlizdən istifadə edəcəyi qaçıl­mazdır. Qeyd edək ki, Avropa bazarı Çindən 90 faiz asılı olduğundan Ru­siya ərazisindən yan keçməklə Qa­zaxıstandan kritik materiallar idxal edərkən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadəyə ümid edir. Bu isə Orta Dəhlizin əhə­miyyətini artıraraq Azərbaycanda tranzit daşımaların həcminin çoxal­masını şərtləndirməklə ölkəmizin Avropa İttifaqı ilə nəqliyyat əlaqələ­rinin gücləndirilməsini daha çox iq­tisadi məqsədə deyil, uzunmüddətli strateji hədəfə çevirir. 

Mirbağır YAQUBZADƏ, XQ