2023-cü il avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 231,9 min nəfər olub, onlardan 4 milyon 942,8 min nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, cari il iyulun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 725,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 894,2 min nəfər, qeyri-dövlət sektorunda isə 831,3 min nəfər olub. İqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 693,9 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,5 faizi emal sənayesində, 6,3 faizi tikintidə, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,9 faizi mədənçıxarma sənayesində, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub. Xidmət sahəsində işləyənlərin 19 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi istirahət, əyləncə və incəsənət, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.
2023-cü ilin II rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 5 min 474 nəfər olub. Onlardan 48,2 faizi tikintidə, 9,2 faizi mədənçıxarma sənayesində, 8,7 faizi emal sənayesində, 6,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 3,9 faizi informasiya və rabitə, 3,9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi və 15,4 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.
Bu ilin yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 143,1 saat təşkil edib.