BİZNES

14 Avqust

Şirkətlər ölkədə kadr potensialının inkişafında yaxından iştirak etməlidirlər - İkram Fikrətoğlu

“Business Service Centre” MMC-nin direktoru İkram Fikrətoğlunun Fins.az-a müsahibəsi.

- 26 ildir fəaliyyət göstərən BSC konsaltinq şirkətinin əsas iş prinsipi nədir?

- “Business Service Centre” şirkəti 1997-ci ildə qeydiyyata alınmaqla Azərbaycan Respublikasında yaradılan ilk konsaltinq şirkətlərindən biridir. Şirkətimiz ilk fəaliyyətə başladıqda yalnız hüquq xidməti göstərsə də, daha sonra bazarda bu sahələrə artan tələbatı nəzərə alaraq, sahibkarlara mühasibatlıq və insan resursları sahəsində də xidmət göstərməyə başladı. Şirkətimiz ölkədə autsorsinq şəkildə xidmət təklif edən ilk müəssisələr sırasındadır, hansıki bu xidmət sahibkarlara vəzifələrin yerinə yetirilməsi məqsədilə kənar təşkilatın inkişaf etmiş təcrübəsindən və işçi qüvvəsindən istifadə etməklə onun resurslarından yararlanmağa şərait yaradır.

BSC qrup öz fəaliyyətində daima etibarlılıq, dürüstlük, obyektivlik və peşəkarlıq prinsiplərini rəhbər tutur. Güvən və etibar digər sahələrdə olduğu kimi, işdə də ən vacib və əhəmiyyətli faktorlardan biridir. Yəqin hamı mənimlə razılaşar ki, bu dəyərlər müəssisəni, işçiləri, müştəriləri, tərəfdaşları və hətta bütün dünyanı birləşdirə biləcək dəyərlərdir. Bu prinsiplərə əsaslanan fəaliyyət nəticəsində əldə etdiklərimiz isə 26 illik dərin təcrübə, 100-dən artıq loyal müştəri sayı və peşəkar komandadır.

- Missiyanız daha professional, çevik olmaq və müştərilərinizə daha çox dəyər verməkdir. Maraqlıdır, bu missiyada şirkətin xidmətindəki özəlliklər nədən ibarətdir?

- Müştəri məmnuniyyəti bizim üçün ən əhəmiyyətli məsələlərdən biridir və onun təmin edilməsi üçün peşəkar komandamızla birlikdə daima səylə çalışırıq. Göstərdiyimiz hüquq, mühasibatlıq və kadr xidmətləri hər bir sahibkarın fəaliyyətinin davamlılığının təmin edilməsində mühüm rol oynayır və onların hər hansı birində problemin yaranması şirkətin fəaliyyətinə ciddi şəkildə neqativ təsir göstərə bilər. Biz isə öz xidmətimiz vasitəsilə belə neqativ təsirlərin qarşısını almaqla müştərilərimizin yardımına gəlirik. Bu səbəbdən biz müştərilərimiz olan şirkətlərin və digər sahibkarların işinə öz işimiz kimi məsuliyyətlə və diqqətlə yanaşır, uğurlarına öz uğurumuz kimi sevinirik.

- Korporativ müştərilərin əsas tələbatı nədir?

- Korporativ müştərilərin əsas tələbatı sifarişlərinin ən operativ şəkildə və yüksək keyfiyyətlə icra edilməsidir ki, biz də öz müştərilərimizə münasibətdə bu tələbi hər zaman qarşılayırıq.

- Kiçik və orta bizneslə məşğul olan sahibkarların sayının çox olması və onların inkişaf perspektivlərinin artırılması üçün hansı işlərin görülməsi vacibdir və nə təklif edirsiniz?

- Hazırda Respublikamızda dövlət başçısı cənab İlham Əliyevin də dəstəyi ilə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilməkdə davam edir. Bu sahədə fəaliyyət göstərən qurumlardan biri kimi  Kiçik və Orta Biznesin İnkişafı Agentliyini göstərə bilərik. Lakin nəzərə alınmalıdır ki, bu istiqamətdə özəl sektorda fəaliyyət göstərən müəssisələr də dövlətə dəstək olmalı, sahibkarların və ya bu fəaliyyətlə məşğul olmaq niyyətində olan şəxslərin həm hüquqi baxımdan, həm də vergi, mühasibatlıq və s. sahələrdə maarifləndirilməsi üçün səy göstərməlidirlər. Misal olaraq, öz fəaliyyətimiz boyunca həm öz müştərilərimiz olan sahibkarlara, həm də müştərilərimiz sırasına daxil olmayan geniş auditoriyaya hüquq, mühasibatlıq, insan resursları sahələri ilə bağlı keçdiyimiz təlimləri və seminarları göstərə bilərik ki, bunların da sahibkarlığın təşviqində mühüm əhəmiyyət kəsb etdiyini hesab edirəm.

- Ümumiyyətlə, sahibkarların əsasən üzləşdiyi problemlər nədir və bu problemlərin yaranamasına səbəb nədir?

- Öncə də qeyd etdiyim kimi, bütün problemlərin başlanğıcı maarifləndirmənin kifayət qədər olmamasıdır. Hər bir sahibkar istər fəaliyyətə başlayarkən, istərsə də fəaliyyət göstərdiyi dövrdə öz hüquqlarını və fəaliyyəti nəticəsində yaranacaq öhdəliklərini lazımi səviyyədə bilməlidir.

Bizim fəaliyyət sahəmizə uyğun olaraq yaranan problemlərlə bağlı isə onu deyə bilərəm ki, ən çox rastlaşdığımız hallar sahibkarların maliyyə-mühasibatlıq məsələlərinə dırnaqarası yanaşmasıdır. Sahibkarlar istər mühasibatlıq işlərini, istərsə də hüquqi sənədləşmə və kadr kargüzarlığına dair işləri qeyri-peşəkarlara həvalə etməsidir ki, bu da bir müddət sonra fəaliyyətlərinin iflic vəziyyətə düşməsinə səbəb olur.

- Bu və digər problemlərin çıxış yolunu nədə görürsünüz?

- Ümumiyyətlə, maarifləndirmənin gücləndirilməsi, əvvəl də qeyd etdiyim kimi, bu sahədə dövlət və özəl sektorun qarşılıqlı əməkdaşlığı önəmli məsələlərdən biridir. Konsaltinq şirkətlərinin isə buradakı əsas rolu sahibkarlara ödənişsiz təlim-seminarların keçirilməsi, sənədləşdirmənin analizi, lazım olduqda isə lazımi bərpa işlərinin aparılmasına yardım etməkdən ibarətdir.

Fəaliyyətlərinin düzgün qurulmaması nəticəsində problemlərlə üzləşən sahibkarlar bir çox halda çıxış yolu tapmaq məqsədilə bizə müraciət edirlər. Əlbəttə ki, biz onlara qanunvericilik çərçivəsində mümkün olan bütün yardımları göstəririk. Lakin tövsiyə edərdim ki, bu kimi halların yaşanmaması üçün sahibkarlar elə əvvəldən peşəkar mütəxəssislərə müraciət etsin və öz işlərini onlara həvalə etsinlər.

- İnsan resursları hər zaman müzakirə mövzusu olub. Kadr çatışmazlığı sahibkarların narahat edən amillərdəndir. Bu barədə nə deyə bilərsiniz?

- Hər bir şirkətin davamlılığını və inkişafını təmin edən ən mühüm faktor kadr potensialının düzgün formalaşdırılmasıdır.

Fəaliyyətimizdə diqqət yetirdiyimiz məqamlardan biri də peşəkar kadrların yetişdirilməsidir. Biz ali təhsil müəssisələrini yeni bitirən və ya praktiki təcrübəsi olmayan gənc kadrlara şirkətimizdə işləməklə dərin nəzəri və praktiki biliklər əldə etməyə şərait yaradırıq. Əsas üstünlüyümüz və fərqimiz ondan ibarətdir ki, hazırda bir sıra müəssisələr işə cəlb etmək istədiyi kadrlardan mütləq şəkildə təcrübə tələb etsə də, biz həmin kadrları özümüz yetişdiririk. Həmçinin fəaliyyətində fərqlənən, işgüzarlıq nümayiş etdirən kadrlar müəssisəmizdə irəliləmək və rəhbər vəzifələrə qədər yüksəlmək şansı əldə edirlər.

Buna görə də hesab edirik ki, şirkətlər özü də ölkədə kadr potensialının inkişafında yaxından iştirak etməli, öyrənmək və inkişaf etmək bacarığına və istəyinə malik gənclərə dəstək göstərməlidirlər.

Fuad Mədətov
Fins.az