Ağıllı sistemlər istənilən biznes sahəsində öz yerini rahatlıqla tapa bilər
Bunu Fins.az-a müsahibəsində “Bravotech” şirkətinin satış rəhbəri Umnisə Musabəyova deyib. O, bildirib ki, sahibkarlar ağıllı texnologiyaları layiqincə dəyərləndirə bilsələr, həm maddi, həm də mənəvi işlərini rahatlaşdıra bilərlər.
Kiçik və orta sahibkarların çoxluğunu nəzərə alan U.Musabəyova, ağıllı texnologiyarın mahiyyətindən də danışaraq qeyd edib ki, şirkətlərin bir çox məsələləri kağız üzərində (dədə-baba üsülu) həll olunur (İR hesabatları, müqavilələr və s.) və bu isə öz növbəsində böyük israfa səbəb olur:
“Lazımsız prosedurlar var (işçilərin və ya qonaqların giriş-çıxış saatlarının imzalı qeydiyyatı kimi). Ağıllı sistemlər bu prosedurları dəfələrlə asanlaşdırır və şirkət büdcəsinə hiss ediləcək qədər dəstək verir və hamısını rahatlaşdırır. Girişə nəzarət sistemləri var. Üz tanıma, barmaq izi, kart və ya QR kodla məkana giriş-çıxış etmək üçün nəzərdə tutulub. Bu zaman heç bir nəzarətçi əməkdaşa ehtiyac yoxdur, rəflərə aylarla makulatura düzüb, sonra lazımi sənədi tapmaq üçün günlərlə əziyyət çəkməyə ehtiyac yoxdur. Doğru planlanmış bir sistem şirkət büdcəsinə ciddi qatqı deməkdir (çap maşınları, kağız, nəzarətçi və s. kimi əlavə xərclərə ehtiyac qalmır). Bir sözlə, ağıllı texnoloji sistemlər istənilən biznesin işini 70%-dək asanlaşdırır və istənilən biznes sahəsində öz yerini rahatlıqla tapa bilər”.
Fuad Mədətov
Fins.az