BİZNES

31 İyul

Tövsiyəm odur ki, minerallığı aşağı olan suları içməyin! - Adil Haqverdiyev

“Gədəbəy Mineral Suları” MMC-nin baş direktoru Adil Haqverdiyevin Fins.az-a müsahibəsi.

- “Gədəbəy Mineral Suları” şirkəti haqqında məlumat verərdiniz.

- Şirkət 2004-cü ildən “Gədəbəy Mineral Suları” MMC “Slavyanka” markası adı altında fəaliyyət göstərir. Təbii minerallı süfrə suyunun istehsalı ilə məşğuluq. İstehsalat bölməmiz Gədəbəydədir. 2006-cı ildə möhtərəm Prezident İlham Əliyevin göstərişi ilə əlavə olaraq limonad zavodu qurulub. Zavodun açılışında prezident özü iştirak edib. Eyni adda “Slavyanka” limonadları 2016-cı ildə bazara təqdim olunub. Regionun böyük şirkətlərindən biriyik. Rayonda ciddi istihdam edirik və ümumiyyətlə, sevilən markadır. Azərbaycanın elə bir yeri yoxdur ki, orada bizim satışımız olmasın. Normal standart kanallardan başqa, evlərə də çatdırılmamız mövcuddur. Bu sahədə də ciddi müştəri bazamız var.

- Suyun keyfiyyətinə nəzarəti necə həyata keçirirsiniz?

- Suyun bulaqdan çıxmasından, qablaşdırılmasına qədər bütün proseslər avtomatlaşdırılmışdır. İşçilərimiz arasında türk mütəxəssislər var. Bu mütəxəssislər Türkiyənin məşhur su markalarından olan “Sırma” şirkətinin yetişdirdiyi mütəxəssislərdir. Məhz onlar bizim bütün prosesləri avtomatlaşdırıb. Qeyd edim ki, bulaqdan gələn su özəl borularla şəbəkə halında zavoda gəlir. Zavoddan bu su qum və karbon filtrindən keçərək təmizlənir. Daha sonra müəyyən mikrobioloji filtrlərdən keçdikdən sonra əl dəymədən qablaşdırılır. Müəyyən standartlar var ki, daxil olan suyun göstəriciləri və xaric olan suyun göstəriciləri qeyd olunur. Hər dəfə gələn su daxil olduğu gün labarotoriyada yoxlanılır. Oradan təsdiq verilirsə, artıq qablaşdırılır və paylanılır. Həm İSO standartlarına görə, həm də yerli Azərbaycan standartlarına görə keyfiyyət göstəriciləri uyğunlaşır, eləcə də mütəmadi olaraq AQTA-dan yoxlanışlar olur. Nəticədə də rəflərdə gördüyünüz su formalaşır.

- Bilirik ki, suyun keyfiyyəti ilə yanaşı onun qablaşdırması da önəmlidir. Qablaşdırma prosesi necə idarə olunur?

- Qablaşdırılma prosesi əl dəymədən tamamilə avtomatlaşdırılmış şəkildə həyata keçirilir. 2 cür qablaşdırılma mövcuddur: plastik pet qablaşdırılma və şüşə qablaşdırılma. Plastik pet şüşəyə nisbətən daha ucuz olur. Qablaşdırılmış məhsulların saxlanılma qaydası önəmli məsələlərdən biridir. Hər bir suyu istər plastik qabda, istərsə də şüşədə birbaşa günün təsirindən qorumaq lazımdır. Otaq temperaturunda və sərin yerdə saxlanılması məqsədəuyğundur. Plastik qablaşdırılmada buna daha çox diqqət etmək lazımdır.

- Şirkətinizdə loqistika sistemi necə qurulub?

- Loqistika sistemimiz məhsul hazır olduqdan sonra TIR-lar vasitəsi ilə Azərbaycanın fərqli yerlərinə göndərilir. TIR-lar lazımi ünvana çatdıqdan sonra satılacaq yerlərə (market, restoran, ofislərə və s.) paylanılır. Hər paylanma nöqtəsinin distribusiya komandası var.

- Bu yaxınlarda Azərbaycanda su ehtiyyatının azalması ilə bağlı xəbər yayılmışdı. Ölkəmizdə belə bir ehtimalın ortaya atılması su şirkətlərində hansı problemləri yaratdı? Məhsullarınızın tariflərində bir dəyişiklik oldu və ya belə bir ehtimal gerçək olsa, qiymətlərdə dəyişiklik olarmı?

- Suya qarşı həssaslıq hər zaman önəmli hesab olunub. Azərbaycanın 70% suyu ölkə sərhədlərindən kənarda formalaşır. Suyun əsas formalaşdığı yerlər Kiçik Qafqaz əraziləridir. Belə ki, Kiçik Qafqaz dağ silsiləsi Gürcüstan və qismən də Türkiyəni əhatə edir. Bildiyiniz kimi, Azərbaycan da Kiçik Qafqaz dağ silsiləsinə daxildir. Gədbəydə su rezervləri su qaynaqları cəhətindən boldur. Amma ümumi su böhranında, təbii ki, ora da təsir edəcək. Bu ümumi ekosistem olduğu üçün yağış yağmadıqda, quraqlıq olduğunda su qaynaqlarına da təsir edəcək. Bunun üçün daha duyarlı hərəkət edərək, su israfının qarşısını almaq üçün iş prosesi zamanı lazım olan su miqdarını avtomatlaşdırılma üsulu ilə minimuma endirərək qənaət edirik. Məsələn, 1 litr su istehsal etmək üçün 1 litrdən daha çox su istifadə olunur. Qablaşdırmaları ola bildiyincə kompakt halda saxlamağa çalışırıq ki, suyun hamısı içilsin.

- İçməli su ilə bağlı istehlakçılara hansı tövsiyələri verərdiniz?

- Su insan orqanizmində susuzluğu yatırmaq üçün istifadə olunan təbii ehtiyacdır. Amma eyni anda həm təbii ehtiyacınızı qarşılayıb, həm də bundan yararlanmaq istəyirsinizsə, mütləq minerallı su içmək lazımdır. Suyun minimum 50 mineralı olmalıdır ki, su faydalı ola bilsin. Tövsiyəm odur ki, minerallığı aşağı olan suları içməyin! Çünki mineralı aşağı olan suyun heç bir faydası olmur. Ümumdünya Səhiyyə Təşkilatı və su haqqında araşdırma edən hər bir alimin müəyyən etdiyi minerallıq rəqəmi 100-dür.

- Şirkətiniz 2004-cü ildən bu günə kimi inkişaf etmiş şirkətlər sırasındasınız. 2024-cü ildə 20 illik yubileyiniz üçün nə kimi yeniliklər planlaşdırırsınız?

- Əlbəttə ki, planlaşdırdığımız yeniliklər var. Müştərilərimizin suya daha duyarlı olması üçün planlarımız var. 20 yaş bir şirkət üçün olduqca böyük yaşdır. Azərbaycanın müstəqilliyinin cavan vaxtlarından fəaliyyət göstəririk. Yenilik olaraq isə ekoloji tərəfdən planlarımız olduğunu deyə bilərəm.

Leyla Fikrətqızı
Fins.az