BİZNES

26 İyul

Cüzi qiymət artımları olsa da, inflyasiya dərəcəsindən aşağıdır - Asif Səfərli

“Asmir MMC” şirkətinin rəhbəri Asif Səfərlinin Fins.az-a müsahibəsi.

- “Asmir MMC”nin tərkibində 2 şirkət var: “Məktəbli” və “Eurosport”. Hazırda hər iki sahə (məktəb və idman malları) təlabatı olan sahələrdir.  Ümumilikdə şirkətinizin xidmətləri barəsində nə deyə bilərsiniz?

- “Asmir MMC” 5 ildən çoxdur ki, fəaliyyət göstərir. Amma şirkətin əsası 30 il əvvələ dayanır. 30 il bundan əvvəl babam Sumqayıtda bu işlə məşğul olub. İndi isə atam və mən bütün işləri idarə edirik. Şirkətimizi ailə şirkəti adlandırmaq olar. Bu illər ərzində ölkəmiz inkişaf etdikcə, şirkətimiz də müəyyən qədər inkişaf edib. “Asmir MMC” də “Məktəbli” loqosunun davamıdır.

- Bir neçə həftə sonra növbəti tədris ili başlayacaq. Bu isə özlüyündə ilk olaraq məktəbli forması və məktəb ləvazimatlarının qiymətlərini gündəmə gətirir. Hazırda ölkədə ən çox müzakirə edilən üç məsələdən birinin bu proseslə bağlı olduğunu desək, kağız məhsullarının və ümumilikdə, məktəb ləvazimatlarının qiymətlərinin süni şəkildə artırmasıyla bağlı nə deyə bilərsininiz?

- Çalışırıq ki, məhsullarımızı öz poliqrafiyamızda istehsal edək. Daha ucuz əldə etmək üçün dəftərlər, rəsm albomları və başqa bu kimi digər kağız məhsullarını özümüz istehsal etməyə çalışırıq. Fikir vermisinizsə, bazarda da kağız məhsulları keyfiyyət və qiymət baxımından stabil qalır. Bu məhsulların satışı üçün xaricdən asılı deyilik. Məsələn, kağız məhsullarının satışında Rusiya, Çin, Türkiyə bazarında valyutaların, xammalın, firmaların qiymətlərinin qaldırması ilə baş verən qiymət dəyişiklikləri bizə təsir etmir. Kağız məhsullarını özümüz istehsal edərək qiymət artımının qarşısını ala bilirik. Digər məhsullar isə “Asmir MMC” adından birbaşa olaraq ən keyfiyyətli istehsalçıdan, yəni ən birinci nöqtədən münasib qiymətə götürməyə çalışırıq. Başqa istehsalçıdan almaq prosesi hər il qiyməti artırsa da, düşünürəm ki, bu il qiymətlər keçən ilki kimi qalacaq. Ən böyük artımımız 2015-ci ildə dolların düşməsi ilə oldu. O vaxtdan sonra isə stabilləşmə gedir. Cüzi qiymət artımları olsa da, inflyasiya dərəcəsindən aşağıdır.

- Ümumi məhsullarınızın (həm “Məktəbli”, həm də “Eurosport” məhsullarının) satışı neçə filial üzərindən həyata keçirilir? Onlayn satışa ehtiyac varmı?

- Bu sahədə işləyənlər yaxşı bilər ki, məhsulların qiymətlərinə ən çox təsir edən amillərdən biri də icarə haqqıdır. Son zamanlarda çox yüksək icarə haqqı tələb olunduğundan Sumqayıtda olan 2 mağazamızdan başqa, hələlik yalnız Bakının Əhmədli qəsəbəsində mağazamız var. Təbii ki, daha çox insana xidmət göstərmək istəyərik. İcarə haqlarının yüksək olması yalnız filial açmağa mane olmur, həmçinin işçilərə əmək haqqı verilməsi və digər şirkət xərclərinin ödənilməsi prosesini də ləngidir. Kapital çatışmazlığına görə hələki Bakı (Əhmədli) və Sumqayıt filiallarımız mövcuddur.  Bu barədə gələcək üçün də planlarımız var.

Onlayn satış isə bizim təklif etdiyimiz məhsullar üzrə biraz çətin məsələdir. Çünki onlayn satışa o zaman ehtiyac duyulur ki, məhsulu tapmaqda çətinlik çəkirlər və ya qiymətə görə daha sərfəlisini axtarırlar. Qələmi və ya dəftəri Azərbaycanda onlayn alanlar çox azdır. Bunun da səbəbi bu tip məhsulların əlçatan və qiymət fərqinin mağazaların çoxunda eyni olmasıdır. Yeni kitablar olduqda sosial şəbəkələrdə reklam edirik və müştəri mağazamızdan həmin kitabı əldə edə bilir. Gələcəkdə onlayn satışa ehtiyac ola bilər, amma hazırda elə də çox deyil.

- İdman məhsullarının qiymətləri bildiyim qədəri ilə bahadır. Bəs sizin məhsullar üzərindəki tariflər necədir? Sizcə, ümumiyyətlə, idman məhsullarının dəyərinin bu qədər yüksək olmasında keyfiyyət göstəriciləri rol oynayırmı?

- İlk əvvəl onu qeyd edim ki, ölkəmizdə idman məhsullarının istehsalı demək olar ki, yoxdur. Şirkət olaraq tənzimlənən boks topunu çox baha qiymətə xaricdən gətirdik. Azərbaycanda bu məhsulun sexi açıldı və xaricdən aldığımız qiymətinin yarısına əldə edə bildik. Bu halda məhsul ucuz olur və satış həcmi artır. Artıq 1 müştəri yerinə 10 müştəriyə rahat satmaq olur. Daha sonra turnikləri misal göstərə bilərəm ki, əvvəllər Çindən gətirirdik və qiyməti 110-120 manat olurdu. Hazırda isə Kürdəxanıda balaca bir müəssisə açıldı və turniklər orada istehsal edilməyə başladı. Bizə də təklif etdilər ki, turnikləri 50-60 manat arası qiymətə yerli istehsalçıdan alaq. Daxili istehsalın olması qiymətlərin artımının qarşısını almaq üçün çox əlverişlidir. Digər idman məhsullarının alışında xarici bazardan asılı olduğumuza görə, orada qiymətlər yüksələndə bizdə də məcbur tariflər artmış olur. Məsələn, kimano, qantel, cüdo paltarları və başqa bu kimi məhsulları xaricdən aldığımız üçün qiymət də bahalaşır.

- Bildiyimiz kimi, pandemiya zamanında məktəblər, idman zalları və başqa bu kimi yerlər bağlandı. Bu sizin məhsullarınızın satış faizində nə qədər dəyişiklik etdi? Belə bir böhran dövründə şirkətinizin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Pandemiya dövründə satışlarımız demək olar ki, çox az oldu. Ev şəraitində idmanla məşğul olmaq istəyənlər idman alətləri alırdı. Lakin məktəb ləvazimatları məhsullarının satışı xeyli azalmışdı. Müştəriləri bacardığımız qədər kitabla təmin etməyə çalışırdıq. Xüsusi portalımız olmadığı üçün yalnız zəng vasitəsi ilə sifarişləri qəbul edirdik. Bu cür böhran dövründə bankda olan xərclərimizin bir hissəsini İqtisadiyyat Nazirliyi ödədi. Dövlətimizin yardımı ilə bu dövrdə çox da zərər etmədik. Amma ilyarım işləməməyimiz 3-4 ilin planlarını ləngitməyə səbəb oldu.

- Gələcək illərdə işğaldan azad edilmiş bölgələrdə fəaliyyət göstərməyi düşünürsünüzmü?

- Əlbəttə, istəyərik. Bizim 1 nömrəli vəzifəmiz və fəxrimizdir ki, Qarabağda iş quraq. Biz buna hər zaman hazırıq. Bunun üçün bizə sadəcə çağırış etsinlər və icazə versinlər. Ən öndə gedənlər şirkətlərdən biri də biz olarıq.

- Şəhid ailələrinin övladları üçün nə kimi kampaniyalarınız mövcuddur?

- Şəhid ailələri bizim mağazalardan birinə müraciət edəndə, təbii ki, əlimizdən gəldiyincə kömək etməyə çalışırıq. Hazırda dövlətimiz şəhid ailələrinə, qazilərə yaxşı imkanlar yaradıb. Biz də hər zaman təklifimizi edirik. Şəhid ailələrinə məhsullarımız ödənişsizdir. Sadəcə şəhid ailəsindən olduğunu və ehtiyacı olduğu məhsulu deməsi kifayət edər. Bu zaman biz ödəniş qəbul etmədən həmin məhsulla təmin edirik. Halal xoşu olsun! Amma bəzən bizim tanıdığımız şəhid valideynləri var ki, biz bilirik ki, o, şəhid valideynidir. Onlardn  ödəniş istəmədiyimizi dedikdə, özləri ödəniş etmək istədiklərini vurğulayırdılar.  Bir ara bayraqların qiymətləri digər mağazalarda artmışdı. Amma biz şəhid ailələri üçün qiyməti artırmadıq. Çünki bilirik ki, şəhid ailələri eyvan, maşın, evindəki otaqlardan bayraq asmaq üçün alacaqlar. Bildiyiniz kimi, elə Sumqayıt şəhəri də xeyli şəhid vermişdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Leyla Fikrətqızı
Fins.az