BİZNES

26 İyul

Dövlət Xidməti və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə hakimlər üçün ixtisasartırma təlimi keçirilib

İstehlakçı hüquqlarının müdafiəsi və hüquq pozuntularına görə inzibati məsuliyyətə cəlbetmə, rəqabət qanunvericiliyinin pozulması zamanı bazar subyektlərinin məsuliyyəti barədə məlumat verilib.

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə hakimlər üçün “Rəqabət qanunvericiliyi və istehlakçı hüquqlarının pozulması” mövzusunda ixtisasartırma təlimi keçirilib.

Təlim iştirakçılarına Dövlət Xidmətinin əsas fəaliyyət istiqamətləri, xüsusilə istehlakçı hüquqlarının müdafiəsi və rəqabət qanunvericiliyi sahəsində görülən tədbirlər barədə məlumat verilib. Həmçinin istehlakçıların əsas hüquq və vəzifələri, istehlakçı hüquqlarının müdafiəsi mexanizmləri izah olunub.

Əlavə olaraq, haqsız rəqabətin formaları və rəqabət qanunvericiliyinin pozulması ilə əlaqədar bazar subyektlərinin məsuliyyəti, haqsız sahibkarlıq fəaliyyəti və mübarizə metodları barədə də məlumat təqdim edilib.

Sonda təlim iştirakçılarının istehlakçı hüquqlarına və rəqabət qanunvericiliyinə dair sualları cavablandırılıb.