BİZNES

21 İyul

Azərbaycan Startaplar üzrə Dünya Çempionatının qalibi oldu - FOTO

“Miniboss Business School Baku”nun tələbələri 16-20 iyul tarixlərində Şotlandiyanın Qlazqo şəhərində 6-16 yaş arası uşaqlar və yeniyetmələr arasında keçirilən Startaplar üzrə Dünya Çempionatının qalibi oldu.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Fins.az-a verilən məlumata görə, 20-dən çox ölkənin iştirak etdiyi tədbirdə ən yüksək nəticə göstərərək superfinala çıxan “Econotes” komandası birinci yerə layiq görüldü. “Econotes” beş meyara (innovativlik, mənfəətlilik, layihənin əhatə dairəsi, mediada işıqlandırma, münsiflər heyətinin suallarını cavablandırma) cavab verməklə 18 komandanı geridə qoyaraq birinciliyə sahib oldu.  

Qeyd edək ki, “Econotes” komandası cari ildə “Miniboss Business School Baku”nun təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə keçirilmiş Milli Startap Çempionatının da qalibi olub.

Digər altı biznes layihə isə BMT-nin dayanıqlı inkişaf məqsədlərinə uyğun xüsusi qızıl mükafata layiq görüldü.


Bundan başqa, dünyada 73 filialı olan “Miniboss Business School”un  Azərbaycanda təsisçisi Nərminə Həsənova 2023-cü ilin ən yaxşı franşıza sahibi adına layıq görüldü.

Dörd günlük proqram çərçivəsində keçirilən “Ölkə günü” tədbirində tələbələrimiz milli geyimlərdə ölkəmizdən gətirilən şirniyyat, suvenir və digər atributlarla Azərbaycanı xüsusi olaraq təmsil etdilər. Tədbir çərçivəsində Rəna Adıgözəlova milli rəqs proqramı, Dilşad Fərhadzadə isə skripka ifası ilə çıxış edib.


Növbəti gün isə “Miniboss Baku biznes məktəbi”nin tələbələri 9 startap layihəsi ilə  seçmə turunda iştirak edərək beynəlxalq münsiflər heyətinin suallarını cavablandırdılar. Qeyd edək ki, müxtəlif ölkələrdən təmsil olunan münsiflər heyəti tərəfindən biznes layihələr beş kateqoriya üzrə dəyərləndirildi.

Qeyd edək ki, Startaplar üzrə Dünya Çempionatında təqdim olunan biznes layihələr müxtəlif sahələri təmsil edən beynəlxalq ekspertlər və sahibkarlar tərəfindən dəyərləndirildi. Eləcə də, Azərbaycandan münsiflər heyətində KOBİA-nın İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev və “İteca Caspian” şirkətinin rəhbəri Fərid Məmmədov yer aldılar.

Seçmə turundan sonra müxtəlif sahələrdə təmsil olunan “Challenger”, “Econotes”, “WoodMood”, “BeSafe”, “VIP Puzzle”, “Scenty sport”, “Box from my land”, “Screenish”, “Yummy Gummy” adlı biznes layihələrinin yarmarkası təşkil olundu.




Qeyd edək ki, Startaplar üzrə Dünya Çempionatı çərçivəsində “Eurowoman: Global Leadership Forum 2023” adlı tədbirdə “Miniboss Business School Baku”-nun təsisçisi Nərminə Həsənova “Gələcəyin güvənli sahibkarların yetişdirilməsi” mövzusu ilə çıxış etdi.

"Miniboss Business School" qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 73 filialda mövcud olan yeganə məktəbdir. Təhsil müəssisəsi özünəməxsus metodikaya əsasən 6-16 yaş arası uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır. Beynəlxalq Təhsil Şəbəkəsi olan "Miniboss Business School" hər il olduğu kimi bu il də sahibkarlıq üzrə 6-16 yaş arası uşaqlar və yeniyetmələr arasında “STARTUP Forum”, Milli və Dünya çempionatları təşkil edir.