Şirkətlərə istehlakçı şikayətlərinə baxılma prosedurlarının müəyyənləşdirilməsi, çağrı mərkəzlərinin effektivliyin artırılması və vətəndaş sorğularının operativ cavablandırılması tövsiyə edilib.
Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində elektronika mallarının satışı ilə məşğul olan şirkətlər və onlarla müştərək fəaliyyət göstərən servis mərkəzlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib. Görüşdə istehlakçıların əyani və onlayn qaydada keyfiyyətli mal, iş və xidmət əldə etmək hüquqları, məişət təyinatlı mürəkkəb texniki malların satışına dair tələblər, təminat və zəmanət öhdəlikləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, şirkətlərdə istehlakçı şikayətlərinə baxılma prosedurunun, daxili reqlamentlərdə bu müraciətlərlə əlaqədar risk portfelinin və ekspertiza qaydalarının müəyyənləşdirilməsi, çağrı mərkəzlərinin fəaliyyəti üzrə effektivliyin artırılması və vətəndaş sorğularının operativ cavablandırılması zərurət təşkil edir. Əlavə olaraq, elektronika mallarının Azərbaycan dilində tərtib olunmuş texniki pasportları və ya məhsulun əsas xüsusiyyətləri barədə qısa mətnin hazırlanaraq istehlakçılara təqdim olunması, qüsurlu malların texniki müayinəsi zamanı alıcının iştirakının təmin edilməsi tövsiyə edilib.
Sonda tədbir iştirakçılarının istehlakçı hüquqlarına dair qanunvericilikdə nəzərdə tutulmuş hallarla bağlı sualları cavablandırılıb.