BİZNES

19 İyul

Caspian Energy Club Czechia Avropa biznesi üçün networking mərkəzi yaradır - FOTO

Caspian Energy Club-ın Çexiyadakı rəsmi nümayəndəsi olan Caspian Energy Club Czechia Klubun İdarə Heyətinə 2023-cü ilin birinci yarısı üçün görülən işlər barədə hesabat təqdim edib. Bunu Caspian Energy Club Czechia-nın İdarə Heyətinin sədri Zaur Qədirov bildirib.

Fins.az xəbər verir ki, təqdim olunan hesabata əsasən, ilin birinci yarısı Çexiyada CEO Lunch Prague, CEO Breakfast Prague, CEO MeetUp Prague (Real Estate in Czechia) və s. kimi bir sıra uğurlu tədbirlər təşkil olunmuşdur.

Caspian Energy Club və Caspian Energy Club Czechia-nın birgə təşkilatçılığı ilə baş tutmuş 13-cü Beynəlxalq “Caspian Energy Investment Forum Prague - 2023” Çexiyanın sabiq baş naziri Yan Fişer və bir çox dövlət rəsmilərinin iştirakı ilə keçirilmiş və 2023-cü ilin mart ayının ən böyük tədbirlərindən birinə çevrilmişdir. Tədbirin əsas mövzuları yeni imkanlar və perspektivlər, "yaşıl" enerji, Avropanın enerji təhlükəsizliyi, texnoloji tərəqqi və rəqəmsallaşma, eləcə də Çexiyanın investisiya potensialı olmuşdur. Hər il keçirilməsi planlaşdırılan bu tədbir, investisiyaları cəlb etmək və müxtəlif ölkələrlə ticarəti şaxələndirmək məqsədilə nəzərdə tutulub.

Zaur Qədirovun sözlərinə görə, Caspian Energy Club Czechia aktiv fəaliyyətini davam etdirməyi planlaşdırır. “Biz 2023-cü ilin sonuna qədər qeyri-neft sektoru məsələlərinə həsr olunmuş bir sıra CEO MeetUp-lar, eləcə də neft-qaz və enerji sektoruna həsr olunmuş Caspian Energy MeetUp-lar keçirməyi planlaşdırırıq”, - deyə Zaur Qədirov bildirib. Zaur Qədirov həmçinin əlavə edib ki, bu silsilə tədbirlərin ilki olacaq və İKT sektorunun məsələlərinin müzakirəsinə həsr olunacaq CEO MeetUp Prague avqustun 23-də keçiriləcək.

MeetUp çərçivəsində dövlət qurumlarının, həmçinin Çexiyada akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların 100-dən çox nümayəndəsi, o cümlədən Xəzər, Qara dəniz, Baltikyanı regionu ölkələrinin dövlət və özəl şirkətlərinin top-menecerlərin iştirakı gözlənilir.

Görüşün əsas məqsədi Çexiyada informasiya texnologiyaları və süni intellektin inkişafı məsələlərin müzakirəsi, innovasiyaların tətbiqi, o cümlədən Caspian Energy Club üzvləri, Azərbaycan və Çexiyanın şirkət və təşkilatları üçün rəqəmsal əsrin yaratdığı imkanlarının araşdırılması olacaq.

Zaur Qədirov qeyd edib ki, CEO Breakfast və CEO Lunch tədbirlər əsnasında Caspian Energy Club üzvləri bizneslərini təqdim edə, işgüzar əlaqələr qura, problemlərindən danışa və təkliflərini irəli sürə bilərlər.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, İsrail, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.