BİZNES

18 İyul

1 və 8 avqust tarixlərində keçiriləcək hərraclara 90 dövlət əmlakı çıxarılacaq

Hərraclar özəlləşdirmə prosesini sürətləndirən əlverişli mexanizmlərdəndir. Hərrac vasitəsilə əmlak sahibi olmaq istəyənlər üçün seçim imkanı geniş, prosedurlar isə sadədir.

Fins.az xəbər verir ki, müraciət və iştirak üçün əlavə vaxta və məkandan ayrılmağa ehtiyac qalmır. Dövlət əmlakının özəlləşməyə elektron qaydada çıxarılması hərracın sərmayəçiyə yönəlmiş üstünlüklərindəndir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərraclar 1 və 8 avqust tarixlərində keçiriləcək. Bu hərraclara ümumilikdə 90 dövlət əmlakı çıxarılacaq. Onlardan 13-ü kiçik dövlət müəssisə və obyekti, 77-si isə nəqliyyat vasitəsidir.

1 avqust tarixində keçiriləcək hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Avropa istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 2005-2014-cü illəri əhatə edir.

8 avqust tarixində keçiriləcək hərraca çıxarılan kiçik dövlət əmlakları sırasında yardımçı təsərrüfat, iaşə obyektləri, kənd klubu da var. Obyektlərin ən aşağı start qiyməti 750 manat, ən yuxarı ilkin qiyməti isə 751.500 manatdır.

Hərraca çıxarılan əmlakların siyahısı ilə bu keçiddən tanış olmaq mümkündür: //clck.ru/33TqtH

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.