BİZNES

18 İyul

İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının prezidenti ilə görüş keçirilib - FOTO

İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının prezidenti Abdullah Saleh Kamel ilə görüşdə səmərəli əməkdaşlıq və təşkilata üzv ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub.

Fins.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) prezidenti Abdullah Saleh Kamel ilə görüşündə ICCIA-nın Direktorlar Şurasının 35-ci iclasının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Azərbaycan İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv ölkələrlə əməkdaşlığın genişləndirilməsinə önəm verir. Təşkilata üzv ölkələrlə ticarət, sənaye, kənd təsərrüfatı və digər istiqamətər üzrə tərəfdaşlığın inkişaf etdirilməsi üçün geniş potensial var.

Görüşdə Azərbaycanın əlverişli işgüzar mühiti, investorlar üçün tətbiq edilən stimullar, ölkəmizin həyata keçirdiyi layihələr barədə məlumat verilib, yeni əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

ICCIA-nın prezidenti Abdullah Saleh Kamel üzv ölkələrin təşkilat çərçivəsində Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyini və ölkəmizlə birgə layihələrin reallaşdırılmasına maraq göstərdiyini vurğulayıb, tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər səmərəli əməkdaşlıq və təşkilata üzv ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanları barədə müzakirə aparıblar.

Qeyd edək ki, 1976-cı ildə yaradılan ICCIA-nın mənzil-qərargahı Pakistanın Karaçi şəhərində yerləşir. Azərbaycan da daxil olmaqla, 57 ölkənin aparıcı biznesə dəstək təşkilatı Palatanın üzvüdür. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 2015-ci ildə təşkilata üzv olub.