BİZNES

17 İyul

Azərbaycanın xarici dövlət borcu 6,6 mlrd. dollara yaxınlaşıb

Bu ilin birinci yarısında Azərbaycanın xarici dövlət borcu 6 milyard 576,9 milyon ABŞ dolları təşkil edib ki, bu da cari il üzrə proqnozlaşdırılan ÜDM-in 10,0 faizini təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Bunun 4 milyard 970,3 milyon manatı daxili borclanma ilə bağlıdır ki, bu da ÜDM-in 4,5 faizinə bərabərdir.

Ötən ilin eyni dövrünə nisbətən xarici dövlət borcu 15,4% azalıb.

Daxili dövlət borcunun əsas hissəsi dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi və dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılmış dövlət istiqrazlarından ibarətdir.

Hesabat dövrünə dövriyyədə olan dövlət istiqrazlarının 28,5 faizi 1 illik, 54,0 faizi 2 və 3 illik,17,5 faizi isə 5 və 7 illik dövlət istiqrazlarının payına düşür.

Hesabat dövründə Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləği 16 milyard 151,0 milyon manat və ya 2023-cü il üzrə proqnozlaşdırılan ÜDM-in 14,5 faizinə bərabər olub.

2023-cü ilin yanvar-iyun aylarında dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər 430,8 milyon manat təşkil edib və ya dövlət büdcəsinin həmin dövr üzrə ümumi xərclərin 3.1 faizinə bərabər olub. Sözügedən xərclərin 352,7 milyon manat həcmində hissəsi xarici dövlət borcuna xidmət xərclərinin, 78,1 milyon manatı isə daxili dövlət borcuna xidmət xərclərinin payına düşür.

Bununla yanaşı, 2023-cü ilin birinci yarısında xarici dövlət borcu üzrə əsas borc ödənişlərinin 290,8 milyon manatı, daxili dövlət borcu üzrə vaxtı çatan əsas borc ödənişlərinin 433,3 milyon manatı, ümumilikdə 724,1 milyon manat məbləğində vəsait daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları hesabına yenidən maliyyələşdirilib.