BİZNES

22 İyul

Mənim üçün uğur cəmiyyətdəki tutulan mövqe və insanlara verəcəyim faydadır - Cahan Hommadova

 “İşartı” şirkətinin təsisçisi və direktoru Cahan Hommadovanın Fins.az-a müsahibəsi.
 
- Şirkətinizin iş prinsipi nədən ibarətdir?
 
- “İşartı” MMC şirkəti 2019-cu il iyulun 3-dən fəaliyyətə başlayıb. Bununla yanaşı həmçinin, “InTime Trade” yeni yaranmış şirkətlərimizdəndir. “İşartı” şirkətinin fəaliyyət istiqamətləri: promo, merçendayzer və anbar xidmətləridir.
Promo və merçendayzer məhsulların şəbəkə marketlərdə tanıtımı, reklamı, dadımı, yeni məhsulun bazara çıxarılması, stok yoxlanışının aparılması, yeni məhsulun sifarişi, vaxtı keçmiş məhsulların vitrindən götürülüb yeni məhsulla yerlərinin dəyişdirilməsi və s. bu kimi xidmətləri göstəririk. Eyni zamanda, anbar xidmətimiz var ki, burada məhsulların etiketlənməsi, sayım, sayımsonrası xidmət, anbarın proqram təminatının çıxmaq şərti ilə bütün prosesləri həyata keçiririk.
 
- Azərbaycanda fəaliyyət göstərən anbar xidmətləri ilə şirkətinizin anbar xidməti arasındaki fərq nədir?
 
- Bu əslində mənim fikrim yox, əməkdaşlıq etdiyimiz şirkətlərin fikridir. Əməkdaşlıq etdiyimiz bir müştəri mənə zəng edərək, “Yadınızdadırsa, biz sizinlə dava edərək, başlamışdıq.” dedi. Həqiqətən də elə idi. Həmin şəxs əsəbi şəkildə zəng edib, “Mənim stokumda heç bir məhsul yoxdur, mənə məhsul təhvil verə bilmirsiniz!” demişdi. Mənim bu barədə məlumatım yox idi və mənə anbardan günlük limiti bildirməmişdilər. Müştəriyə bildirdim ki, heç bir problem yoxdur. Siz problemi həll olunmuş bilin. Bu sözümün üstündən 4 saat sonra müştəri təşəkkür üçün zəng etdi. Bundan sonra dostluq münasibətlərimiz yarandı və illərdir ki, əməkdaşlığımız davam edir. Kimdən soruşsanız, haqqımızda müsbət fikirlər səsləndirəcəklər. Çünki biz daha sürətli, keyfiyyətli işlər həyata keçiririk. Amma düşünürəm ki, birinci mütləq şirkəti və müştərini anlamaq lazımdır. Qarşı tərəfi öz şirkətin kimi görürsənsə, bu zaman bütün proseslər yolunda gedəcək: Keyfiyyət də, vaxtında icraat da, həmçinin digər proseslər də. Mən bütün danışıqlarımda şirkətlərə “bizim şirkət” prinsipi kimi yanaşıram. Bizim şirkətin ən böyük fərqi “biz” olmağımızdadır.
 
- Anbar xidmətinizdə anbarlarda saxlanma metodu haqqında nə deyə bilərsiniz? Sahibkarlar bundan necə bəhrələnirlər?
 
- Anbar xidməti deyəndə şirkətlər elə bilir ki, biz öz anbarımızdan istifadə edirik. Lakin, bizim əmakdaşlarımız “X” bir şirkətin anbarında fəaliyyət göstərir, yəni biz şirkətlərin anbarında onlara xidmət göstəririk. Özümüzün vahid anbarımız yoxdur. Amma elə vaxt olur ki, şirkətlər deyir ki, anbarımız yoxdur, siz bu mövzuda bizə dəstək olun. Bu zaman mən ətrafımızda olan, bu işlə professional məşğul olan şirkətlərə anbar dəstəyi göstərmələri üçün müraciət edirəm. Çünki bir şirkət hər şeyi edə bilməz. Hər sahənin öz professionalı var və hər sahəni öz professionalına ötürmək daha məntiqlidir. Azərbaycan bazarında kifayət qədər professional anbar-loqistika fəaliyyəti ilə
məşğul olan şirkətlər var.
 
- Promo xidməti göstərdiyiniz markalar üçün çalışacaq əməkdaşlar hansı kriteriyalara əsasən işə cəlb olunur?
 
- “Biz” olduğumuza görə... “Biz” çoxluq məfhumudur, yəni biz bu gün 1 şirkətlə əməkdaşlıq etmirik və yaxud da işçini “İşartı”ya götürsək də, təbii ki, qarşı tərəfin kriteriyaları da nəzərə alınır. Bir ailə təsəvvür edin: Ailənizin daxili
prosesi ilə qonşunun daxili prosesi eyni olmadığı kimi, heç bir şirkətin də apardığı strategiya, yaxud strateji planı, idarəetməsi və daxili prosesləri eyni ola bilməz. Dolayısı ilə yanaşmamız “Biz” olduğuna görə, şirkətin yanaşması ilə üst-üstə gəlməlidir. Misal üçün, “Azərsun” şirkətinin işə qəbuletmə kriteriyaları ilə “Veysəloğlu” şirkətinin qəbuletmə kriteriyaları fərqlidir. Yəni demək istədiyim budur ki, kriteriyalar hər dəfə fərqli və dəyişkən olur. Burada stabillik
yoxdur. Onsuzda işimizin ən çətin prosesi də əslində bu hissədən başlayır. Yəni bir var ki, işçini yalnız öz şirkətinə işə götürürsən, bu proses asan olur. Amma bir də var ki, bir neçə şirkətlə çalışırsan və onların yanaşması kimi yanaşmalı və düşünməlisən.
 
- Azərbaycanda insan resursları sektorunu necə dəyərləndirirsiniz?
 
- İnsan resusları sektoru daima inkişafda olan sektordur. Haradasa 7-8 il əvvəl insan resursları “human resources” deyəndə, insanların əksəriyyəti bunu anlamırdı. Adətən işə qəbul ilə kargüzarlıq hissəsini qarışdırırlar. Şirkətlərin
böyük əksəriyyətində rəhbər işçini özü qəbul edirdi. Sənədləşmə hissəsini mühasibatlığa ötürürdü ki, “sən həm mühasibim ol, həm də işə qəbulumu et”. Həqiqətən durum dəyərləndirilməsi olaraq, qlobal şirkətləri çıxmaq şərti ilə
acınacaqlı vəziyyət idi. Əvvəldən düşüncəm bundan ibarət idi ki, şirkətin rəhbəri başdır, insan resursları isə boyundur. Boyun hansı tərəfə başı fırladırsa, həmin tərəfə gedirsən. Əslində elə başla bədəni birləşdirən də boyundur. Əsas keçid hissəsidir. Bugünkü gündə insan resursları mövzusunda daha yaxşı durumdayıq. Ən azından şirkətlər artıq başa düşürlər ki, insan resursları Azərbaycanda şirkətin təməli, strukturu və inkişafı üçün nə dərəcədə önəmlidir. Çünki insan resursları şirkətdə ana rolunu oynayır. Məsələn, evdə ata qərarları qəbul edir, çörək pulu qazanıb gətirir, ana rolunu isə ortadakı stabilliyi qoruyub-saxlayan, nəzarət edən və digər önəmli prosesləri həyata keçirən insan resurslarıdır. İnsan resursları nə qədər çox inkişafa meyilli olsa da, hazırda “Z” nəslini idarə etmək kifayət qədər çətin və problemlidir. Əslində problemli deyil, onların şah damarını tutmaq lazımdır. Buna görə də insan resursları inkişafa meyilli olmalıdır və yerində qalmamalıdır. Düşünürəm ki, bugünkü gündə 50 yaşında şəxsin insan resursları vəzifəsində olub, yeniliyə açıq, meyilli ola biləcəyi, xüsusilə, gənc nəsli idarə etməsində məndə sual işarəsi yaradar. Onlar bəlkə də bunu idarə edə bilirlər, (heç kimin haqqına girmək istəmirəm.) amma böyük bir sual işarəsi yanında da nida (?!) qoyuram.
 
- “İşartı” şirkəti olaraq hansı ölkələrlə əməkdaşlıq edirsiniz?
 
- Əsasən Azərbaycanda fəaliyyət göstərən distribyutor şirkətlətlə çalışırıq. Rusiya bazarının brendi “Pepsiko” ilə əməkdaşlıq edirik. Bugünkü gündə dünya bazarının liderlərindən biridir. Həmin distribyutor şirkətlər dünya bazarında qabaqcıl olan, öndəgedən şirkətlərlə əməkdaşlıq edir. Yəni bizim müqaviləmiz yerli bazar şirkətləriylədir, amma biz dünya bazarının brendlərini tanıdırıq. Ona görə də hansısa Avropa ölkəsinin adını çəkib, bu ölkə ilə əməkdaşlıq edirəm deyə bilmərəm.
 
- Bildiyiniz kimi, Fins.az xəbər portalı iqtisadiyyat və maliyyə xəbər portalıdır. Ay ərzində yarım milyondan çox oxucusu var. Bunun böyük bir qismi də sahibkarlardır. Şirkətinizi tanıtma fürsəti olaraq maliyyə göstəriciləriniz və biznes göstəriciləriniz haqqında nə deyə bilərsiniz?
 
- Sadəcə olaraq, onu deyə bilərəm ki, sözün əsl mənasında pandemiya çox şirkəti batırdı və bazardan sildi. Amma pandemiya mənim üçün əsl sıçrama və fürsət oldu. Bəzən buna görə pandemiyaya təşəkkür edirəm ki, yaxşıki oldu (təbii ki, tam ürəkdən deyə bilmirəm), amma faktiki pandemiyada inkişaf etdik. “İşartı”dan sonra artıq “InTime Trade” yarandı. “İnTime Trade” şirkətlərin məhz satınalma və təhcizat işini həyata keçirir. Sadəcə olaraq, mən “İnTime Trade” şirkətinin təsisçiyəm. Direktoru başqa şəxsdir. Düşünürəm ki, bazarda müsbət anlamda tanınırsansa və sahibkar toplumun içində səni görəndə kənardan artıq hörmətlə yanaşaraq biznes danışıqları gedirsə, bunun özü bir uğurdur. Mənim üçün uğur rəqəmlərlə ölçülmür. Mənim üçün uğur cəmiyyətdəki tutulan mövqe, ətrafındaki insanlar və sənin həmin insanlara verəcəyin faydadır. Mən də məhz bunun üçün çalışıram.
 
- Şirkətinizin gələcək üçün hansı layihələri var və hədəfləriniz nələrdir?
 
- Gələcək anlayışı böyük bir məfhumdur. Yaxın gələcəkdə “InTime Trade” şirkətinin inkişafına fokslanmışam. Çünki şirkət müəyyən bir həddə, səviyyəyə çatmalıdır ki, 3-cü addıma fokslanıram deyə bilim. Xidmət sektoru elədir ki, 100% heç bir şirkət səndən razı qalmayacaq. Amma Azərbaycanda faiz ortalaması nə qədərdirsə, onun üstündə xidmət göstərmək istəyirəm. Düşünürəm ki, bir şirkətin uğuru onun uzun müddətli əməkdaşlıq etdiyi şirkətlərdir. Bu
göstəricilər nə qədər çoxdursa, demək ki, şirkətin keyfiyyəti və güvənliyi bir o qədər davamlı və uzunmüddətlidir. Uzaq gələcəkdə isə özümü bu işlərin içərisində görmürəm. Hobbilərimlə məşğul olmaq istəyirəm.
 
- Bu sahəyə yeni qatılmaq istəyən gənc sahibkarlara məsləhətləriniz nədir?
 
- Əgər sən biznesdəsənsə, sahibkarsansa, sürətli və ani qərarlar verməyi bacarmalısan. Yəni risk almağı bacarmalısan. Əgər onu edə bilmirsənsə, ümumiyyətlə, biznes sahəsinə girişməməlisən. Digər bir məsələ, hamı deyir ki, mən sıfır büdcə ilə işə başlamışam. Üzümü tutub həmin insanlara demək istəyirəm ki, sən həqiqətən də sıfır büdcə ilə işə başlamısan?
Ola bilməz ki, əlində 1 manatın olmadan biznesə başlayasan...Xahiş edirəm, etməyin, eləməyin!
Siz “sıfır büdcə ilə başlayıram” deyirsiniz, işə başlamaq istəyən insanları həvəsləndirirsiniz, sonra onlar göyün 7-ci qatına çıxır. Şirkət yaratmaq “VÖEN” açıb, şirkətə ad qoymaq deyil. Əziz şirkət qurmaq istəyən insanlar, sıfır büdcə ilə şirkət yaratmaq anlayışı yoxdur. Qəti şəkildə! Sənin əlində minimum bir məbləğin və geniş bir iş çevrən olmalıdır. Cüzi məbləğ deyəndə onu nəzərdə tuturam ki, şirkət yaranan kimi 2 ay sonra xeyir götürməyəcəksən. İlk aylar zərərə işləmək məcburiyyətindəsən. Hətta bu müddət 3 ili əhatə edir. Ətrafın varsa, bu müddət azalır, çünki çevrə bu prosesdə hər şey deməkdir. 2-3- cü ilə keçid ərəfələrində hər şirkətdə bir laxlama, çalxalanma və ya krizin dövrü olur. Şirkət yaradanda kənarda minimum 6-7 aylıq heç bir qazanc olmasa belə, dövr etməyə büdcən olmalıdır. Həqiqi sıfır büdcə ilə şirkət yaradan insan varsa, mən həmin insanın alnından öpürəm və şəxsən tanış olmaq istəyirəm. Çünki bunu mən də etmək istəyirəm.
 
- Bu sahədə üzləşdiyiniz problemlər nələr olub?
 
- Şirkətə daxil olduqda bir lövhə var. Biz onu buz dağı adlandırırıq. Buz dağının görünən hissəsi çox balaca və görünməyən çox böyük bir alt hissəsi var. Əgər biznes sahəsində fəaliyyət göstərirsənsə, istənilən vaxt işə gəlib-getmirsənsə, bu, şirkət sahibi olmaq deyil. Bir məsəl var, “Mən əvvəl işçi kimi işləyirdim (9:00-18:00a qədər), sahibkar olduqdan sonra artıq 7/24 işləyirəm. Sən sahibkarsansa, təkcə özünə yox, bütün hər kəsə görə məsuliyyəti daşıyırsan. Bundan başqa, şirkətin məsuliyyət yükü artır. Düşünürəm ki, həyatda hər kəs sahibkar olmaq üçün yaradılmayıb. Bugünkü gündə sən çox yaxşı çilingər, müəllim və s. başqa bir peşə sahibi ola bilərsən. Sahibkarlıq da mənim üçün bir peşədir.
 
Leyla Fikrətqızı
Fins.az