BİZNES

22 İyul

Azərbaycanda mebel cənnəti yarada bilərik - Ceyhun Babayev

“Hafele Azərbaycan” şirkətinin həmtəsisçisi Ceyhun Babayevin Fins.az-a müsahibəsi.

- “Hafele Azərbaycan” şirkətinin xidmətləri, məhsullari və xüsusiyyətləri nələrdir?

- “Hafele” şirkəti 100 il əvvəl Almaniyada qurulub. Bu şirkət mebel, qapı, duş aksesuarları və otel menecment sahəsində ixtisaslaşmış bir şirkətdir. Bir sözlə, Avropanın bir nömrəsi hesab etmək olar. Dövriyyəsi illik 3 milyard civarında olan böyük bir şirkətdir. Almaniyadan ixrac olunur. Dünyanın 150 ölkəsinə məhsul satır, 37 ölkəsində isə öz şirkətləri var. Əsasən mebel sahəsində fəaliyyət göstərən şirkətdir. Mebel sənayəsində inkişaf edən “mini fix” deyilən bir sistem var. Bu sistem 1983-cü ildə bizim şirkət tərəfindən icad edilib. “Hafele” hər il yenilikləri ilə dünya üzrə fərqlilikləri üzə çıxaran şirkətdir. Artıq 15 ildir ki, Azərbaycanda mövcuduq. Bu illər ərzində Azərbaycanda böyük layihələrdə xidmətlərimiz olub. 4 və 5 ulduzlu otellərlə çalışırıq: istər oteldəki müştəri sistemi, istər oteldəki mebel və qapı aksesuarları olaraq. Demək olar ki, Azərbaycanda həyata keçirilən xarici layihələrində tələb olunuruq. Çünki bizim məhsullar Avropa sertifikatlarına layiq görülüb və dünyanın tanınmış şirkətidir. İstər dizaynerlər, istərsə də layihə rəhbərləri bu məhsulları tələb kimi qoyurlar ki, keyfiyyətinə zəmanət verilir. Biz 15 ildir ki, Azərbaycanın ən böyük mebel firmaları ilə də əməkdaşlıq edirik.

- Mebel istehsalı üçün əsas xammal hesab edilən ağac ehtiyatlarının qıtlığını nəzərə alsaq, şirkət qabaqlayıcı tədbirlər barədə hansı işlər görür?

- Biz birbaşa mebel istehsalçısı deyilik. Mebel istehsalçıları ilə əməkdaşlığımız olduğu üçün ağac xammalı olaraq, müştərilərimizə təklifimiz yoxdur. Təbii ki, ümumilikdə dünyada mebel bazarında müəyən çətinliklər var. Bu da xüsusilə mebellərin qiymətinin bahalaşmasına təsir edir. Amma nəticə etibarı ilə bizim aksesuarımız münasib qiymətə başa gəlir. Buna görə də bizim müştərilərimiz məhsullarımızdan imtina etmirlər, eyni zamanda da daha ucuz və aşağı keyfiyyətə olan məhsulu almırlar. Yəni onları seçimləri bizim məhsullarımız olur. Ona görə də siz dediyiniz problemi ciddə şəkildə hiss etmirik. Xüsusilə də 44 günlük Vətən müharibəsindən, qələbədən sonra ölkəmizdə gedən yeni layihələrin artması işlərimizə çox müsbət təsir etdi. Bu da bizim sıxıntıları hiss etməməyə təkan verdi. Qiymətlər qalxdıqca, yerli istehsal daha da çox satışını artırdı. Bunun nəticəsində də dünya səviyyəli şirkətlər aksesuarları bizdən alırlar. Nəticə etibarı ilə bizim üçün bu hal müsbət xarakter daşıyır.

- Respublika ərazisinin yalnız 11,2 % meşə örtüyü təşkil etməsini və təbiətin mühafizəsini əsas götürsək, o zaman mebel sənayesi ölkə xarici xammalın ixracına üstünlük verəcək. Bu proses şirkətinizin fəaliyyətinə, xüsusilə satışına necə təsir edir?

- Əslində dünyada ekologiyaya verilən əhəmiyyəti nəzərə alsaq və ehtiyatlar az, yaxud çox olsa da belə xeyli xammalı mebel üçün istifadə etməyimiz düzgün olmazdı. Azərbaycan bu sahədə çox gözəl coğrafi mövqedə yerləşir. Bizim yaxınlığımızda ağac ehtiyatı çox olan ölkələr var. Hansı ki, bizim onlarla da çox yaxşı iqtisadi əlaqələrimiz var. Yəni gömrüyü sıfır ixracla əlaqələrimiz mövcuddur. Bu əslində Azərbaycanda mebel sahəsində çox gözəl şansdır ki, biz öz dəyərli meşə ehtiyatlarımızı istifadə etmədən, başqa ölkələrin ağac ehtiyatlarından yararlanaraq, xammalı ölkəyə gətirib, əlavə dəyərli mebel istifadə edərək, xaricə sata bilərik. Bu yöndən yanaşsaq, xüsusiylə də ixracata istiqamət verən mebel istehsalı çox azdır. Burada çox geniş imkanlar var. Zənnimcə bu, dəyərləndirilməlidir. Bu, əlavə dəyərli fürsətdir ki, xaricdən xammalı gətirib burada yerli işçilərlə istehsal edib, xaricə sata bilərik. Bir mebel istehsalında azı 60 işçi çalışır. Bu da əlavə iş yerinin açılması deməkdir. Bu mebelləri də istər ərəb ölkələri, istərsə də Şərqi Avropa ölkələri olsun, onlara ixrac edib öz ölkəmizə yaxşı valyuta cəlb edə bilərik. Bu, əslində potensial bir şansdır. Bununla da burada mebel cənnəti yarada bilərik. Hansı ki, yanımızda Türkiyə kimi ölkə yerləşir, onların da mütəxəssislərindən istifadə edə bilərik.

- Dünya ağac ehtiyatlarının 25%-dən çoxu Rusiya və Rusiya dünya mebel bazarının cəmi 2%-ni, Çin ilkin xammalın 97%-ni və dünya mebel bazarının 9,4%-ni təmin edir. Həmçinin mebel üçün xammalın 94% idxal edən Sloveniya isə ildə 600 mln. $ məbləğində mebel ixrac edir. Bütün bunları nəzərə alaraq, Azərbayacanda mebel sənayesini inkişaf perspektivlərini hazır məhsulların satışında, yoxsa istehsalında görürsünüz?

- Sizin verdiyiniz rəqəmlər məni haqlı çıxardı. Çox ciddi bir potensialımız var. Hansı ki, biz istər Sloveniya, istərsə də Litva kimi ölkələr ixracda öndədirlər. Bizim bundan daha çox ixrac etmək şansımız var. Çünki bizim ərəb ölkələrinə çox ciddi çıxışlarımız var. Üstünlüyümüz ondan ibarətdir ki, bu bazarlara türk məhsulları daxil olub. Həmin türk markalarının bir seqment altında çox gözəl mebel bazarını tuta bilərik. Düşünürəm ki, bu şansı dəyərləndirməliyik. Amma təəssüf ki, hazırda dəyərləndirə bilmirik.

- Şirkətin bazara təsiri hansı səviyyədədir?

- Şirkətimizin daxili bazara keyfiyyətli mal ortaya çıxarması üçün istehsalçılara çox ciddi dəstəyi var. Alışılmış, standart məhsulların alternativi olaraq bizim məhsulları istifadə etməklə, fərqli və keyfiyyətli məhsul bazara çıxara bilirlər. Həqiqətən də bu gün mebel istehsalçılarının bizə müraciət etmə səbəbləri bundan ibarətdir ki, bizdəki aksesuarlar həm keyfiyyətlidir, həm də funksianallıdır. Onlar bu məshsulları başqa yerdə tapmağa çətinlik çəkirlər. Ona görə də biz bu alternativi təqdim edirik. Həm gözəl, həm də keyfiyyətli aksesuarlar verə bilirik. Onlar da həmin məhsullardan fərqli mebellər ərsəyə gətirirlər. Həm estetik, həm də gözəl, həm də ki keyfiyyətli mebel ərsəyə gəlir ki, bunun da uzun ömürlülük baxımından nəticəsi yaxşı olur. Bizim 150 mindən yuxarı çeşidimiz var. Hansı ki, çox ciddi alternativlər təqdim edə bilirik. Bu da mebel istehsalçılarının istədikləri fantaziyaları həyata keçirməyə ciddi təkan verir. Bir sözlə, biz olmasaq onlar çox çətinlik çəkərdilər. Yəni xaricdən özləri idxal etmək məcburiyətində qalacaqdılar. Onu isə biz idxal edirik, mütəxəssislərimiz bunu ciddi şəkildə analiz edirlər. Hətta bizim şirkət Avropada olmasaydı, mebel sənayesi daha fərqli olardı. Bu məsələdə kifayət dəqər iddialıyıq. Yəni həmin keyfiyyət və funksianallıq olmazdı.

- Azərbaycanda sanki dünya mebel brendləri ilə yerli mebel şirkətilərinin məhsulları “soyuq müharibə” vəziyyətindədirlər. Şirkətinin bu biznes müharibəsindəki mövqeyi nədir?

- Qeyd etdiyim kimi, biz istehsalçı deyilik. Amma bugünkü gündə siz dediyiniz məsələdə yerli mebel istehsalçılarının yanındayıq, onları dəstəkləyirik. Hazır məhsul satıcıları ilə biznesimiz yox dərəcəsindədir. Faktiki olaraq bu gün Azərbaycanda mebel brendləri yoxdur. Ən yaxşı halda Azərbaycanda türk və ya rus istehsalçıları var. Azərbaycanda hazırda rahatlıqla Avropa istehsalçılarının məhsullarını tapa bilmirik. Onun əvəzinə isə ona oxşadılmış məhsullar var. Bu, əslində çox mənfi haldır. Nə qədər alternativlər olarsa, müştərilərə də seçim vermək olacaq, keyfiyyət də yüksələcək. Azərbaycana xaricdən yetərincə məhsullar gəlir. Bu adətən istehlakçının öz sifarişi əsasında olur. Yəni onlar yerli distribyutorlardan almırlar, birbaşa xaricdən özləri gətirirlər. Təbii ki, bu yerli bazarda olsa, müştəri özü birbaşa tanış olardı. Həm zövqləri formalaşardı, həm də keyfiyyət daha yuxarı olardı. Biz də bazarda fərqli məhsullar görmüş olardıq. Yetərincə çalışırıq ki, xaricdən məhsullar gəlməsə belə mebel istehsalçıları ona yaxın keyfiyyətdə mebel hazırlaya bilsinlər. Bizim mexanizimlər çox əhəmiyyətlidir. Çünki mebelin keyfiyətini müəyyən edən aksesuar və mexanizmdir. Siz taxta məhsulları nə qədər keyfiyyətli olsa belə mebelin hazırlanmasında ucuz mexanizm və aksesuardan istifadə etsəniz, həmin mebelə keyfiyyətli mebel deyə bilmirsiniz.

Fuad Mədətov
Fins.az