BİZNES

23 İyul

Azərbaycanda fermerlər üçün böyük avantajlı müəssisə: “Meyvəli” və ya “May valley”

“May valley” şirkətinin həmtəsisçisi Faiq Hüseynovun Fins.az-a müsahibəsi.

- Milli brend olan “May valley” MMC şirkəti barədə məlumat verədiniz.

- Şirkət 2020-ci ildə yaranıb. Əvvəllər 3 dost bir araya gələrək qərar verdik ki, Azərbaycanda yeni bir müəssisə açaq və yeni reseptlərlə məşğul olaq. Biz ilk başlayanda fikirləşdik ki, adımız “Baku Craft Labaratory” adı ilə fəaliyyət göstərək. Çünki bizim içkilərin ilk reseptləri elmi labaratoriyada yaradılıb. Təsisçilərimizdən biri və bizim baş texnoloqumuz Rüfət Ağalarov elmi labaratoriyada işləyir. Əvvəl bunu elmi məşğuliyət və elmi bir iş kimi hazırlayırdı. Hansı ki, biz bunu böyük müəssisələrə təqdim edəcəkdik. İlk olaraq istehsalatla məşğul olmaq fikrimiz yox idi. Bir müddət sonra maraqlandıq və aydın oldu ki, böyük müəssisələrin buna marağı yoxdur. Konservativ olaraq yeni içkilər istehsal etmək istəmirdilər və qərara gəldik ki, bu məhsulları özümüz istehsal edib, bazara çıxardaq. Biz müəsisəni təsis edəndə məsləhətləşdik ki, bunu elə etməliyik ki, patentləşdirəndə problem olmasın. Bilirsiniz, bizdə belə bir qayda var: toponimlər patentləşdirilmir. Qərara aldıq ki, “Meyvəli” adından istifadə edək. Çünki bizim içkilərin 90%-i meyvə ilə bağlıdır, həm də “mey” sözü Azərbaycan dilində spirtli içki deməkdir və bu sözün inglis dilində də mənası var: “May Valley” - “May Vadisi” deməkdir. Düşündük ki, bu ad uğurlu addır. Ona görə də bu adı seçdik və başladıq bu ad altında fəaliyyət göstərməyə.

- Şirkətin inkişaf perspektivi hansı səviyyədədir?

- Belə bir deyim var: Ümid sonda ölür. Çalışırıq ki, proseslərə nikbin baxaq. Şükürlər olsun ki, indiyə kimi geriləmə olmayıb, artıra-artıra gedirik. Çeşidlərin sayı da yavaş-yavaş artmaqdadır. Düşünmədiyimiz seqmentlərə daxil oluruq. Misal üçün, xaricdə istehsal olunan “Cin”, “ROM”, “Tripl sec” kimi içkiləri istehsal edə bildik və gördük ki, bazarda ona ehtiyac var. Amma xaricdən malların gəlişində fasilələr yaranmasına görə Azərbaycanda fəaliyyət göstərən restoran və barlar bizə müraciət etdi ki, bu tip içkilərin istehsalı yaransın. Biz də keyfiyətli şəkildə bunları hazırlaya bildik. Bu da bizim üçün yeni bir sahə açdı və demək olar ki, Azərbaycanda bu sahədə işləyən yoxdur. Boşluğu görüb bunu özümüz üçün fəaliyyət növü kimi açdıq.

- Uğur da buradan başladı və buna doğru addımladınız?

- Tam olaraq uğur da demək olmaz, amma gördük ki, buna maraq, təlabat daha çoxdur.

- AR Dövlət Statistika Komitəsi 2023-cü ilin yanvarında ixraca daha çox payı olan üç ölkənin adını açıqladı. Bu ölkələr İtaliya, Yunanistan və Türkiyə idi. Adlarını qeyd etdiyim ölkələr alkoqollu içkilərdə daha çox ixrac olunanlar siyasındadır. Maraqlıdır, bu, daxili bazara necə təsir edir?

- Bizim sahədə rəqabət görmürük. Çünki digər şirkətlərlə toqquşmur. Türkiyədən rakı və pivə, çox güman ki, İtaliyadan da şərablar idxal olunur. Amma Yunanistandan nə gəlir onu dəqiq bilmirəm. Vurğuladığım kimi, bu, bizim üçün problem yaratmır. Ona görə ki, biz istehsal etdiyimiz məhsullar tamam başqa bir sahədir, sırf yerli içkilərdir: meyvə araqları və likörlar. Hansı ki, xarici ölkədə buna bənzərləri olmur. Bizdə unikal içkilər var. Hansı ki, feyxoa arağı və feyxoa likörüdür. Bunlar xaricdən az-az gəlir. Ona görə də bizim biznesə təsir etmir. Məsələn, “Cin” və “Rom” içkilərinə təsir edə bilər. Amma dövlət tərəfindən daxili bazar qorunsa, əlbəttə ki, biz daha rahat işləyə bilərik. Mənə elə gəlir ki, bu, ancaq şərəbçılığa təsir edə bilər.

- Sizin tərəfdən alkoqollu içkilərin patensialını xarici bazarda reallaşdırmaq üçün hər hansı tədbir görülməsi planlaşdırılırmı?

- Xaricdən gələn içkilərin daxili bazara daxil olması müsbət haldır. Bu, rəqabəti daha da artırır, eyni zamanda keyfiyyəti daha da yüksək saxlamağa kömək edir. Ona görə onların daxili bazarda olmasını yaxşı bir hal kimi qiymətləndirirəm. İxracla bağlı onu deyə bilərəm ki, hazırda xarici partnyorları inandırmağa çalışırıq. Çünki dünya səviyyəsində, hətta onlardan üstün səviyyədə içki istehsal etmək olar. Burada əlbəttə ki, dövlətin köməyi lazımdır. Mənə elə gəlir ki, kiçik və orta sahibkarlara dəstək bir az zəifdir. “AzPROMO”, İqtisadiyyat Nazirliyi daha çox böyük şirkətlərə dəstək olurlar. Yəqin ki, onlarda potensialı daha çox görürlər. Ümidimizi itirmirik və çalışırıq ki, onlara izah edək ki, istehsal etdiyimiz içkilər ixrac potensialını artırır. Bu dəqiqə əsas şərab, konyak və s. ixrac olunur. Biz tam yeni seqment təklif edirik. Bunlar da meyvə distilyatları və likörlarıdır. Bunun da böyük potensialı var. Birincisi Azərbaycanda meyvənin istehsalı çox yüksəkdir. Bizdə 12 çeşiddə meyvə likörü və 12 çeşiddə meyvə arağı var. Biz bunları ixraca çıxara bilsək, Azərbaycan üçün böyük yeni sahə, bazarı açırıq. Hansı ki, meyvə araq və likörları Uzaq Şərq ölkələrində, Amerikada çox populyardır. Bizdə bəlkədə o qədər də məşhurlaşmayıb, amma Avropada, Amerikada, Çində, Yaponiyada sırf likör və distilyatlar içilən yerlər var. Biz bu sahəyə daxil olmuşuq və tanınırıq. Demək olar ki, Azərbaycanda bizdən başqa likör istehsal edən yoxdur. Çalışırıq ki, bu sahəni bir az genişləndirək. Məqsədimiz odur ki, xarici portnyorlarımızı inandıraq ki, Azərbaycanda keyfiyyətli likör var. Hazırda yeni bazar açılır və artıq trend olub: meyvə aromalı olan aşağı faizli alkoqollu içkilərdir. Bu da ona yaxın bir sahədir. Bunları bazara çıxara bilsək, böyük bir yüksəliş əldə edə bilərik. Bu, şərabçılıqdan və vodkadan da böyük bir bazardır. Belə deyək, əsl cavanlar üçün olan içkidir. Tam böyük bir sahədir və bura daxil olmaq lazımdır. Sadəcə olaraq, dövlət dəstəyi lazımdır.

- Keyfiyyət və dada malik olmaq üçün dünya brendlərindən fərqiniz nədir?

- Burada təbii ki, keyfiyyət mənbəyi rol oynayır. Onlar da Fransada, ümumiyyətlə, Avropada daha genişdir. Onlarla rəqabət aparmaq üçün keyfiyyətə daha çox önəm vermək lazımdır. Biz texnologiyanı özümüz yaratmışıq. Bizim texnoloq alimdir. Ona görə də avadanlığı da özü yaradıb. Bu, çox maraqlı bir sahədir ki, istehsal etdiyimiz içkinin dünyada analoqu yoxdur. Ona görə ki, biz məsələyə tam fərqli yanaşmışıq. Bizim meyvə araqlarını dadan insanlar başa düşmürlər ki, niyə onlar bu qədər yüngüldür və nəyə görə aroması o qədər qalır? Çünki biz istehsalatda tamamiylə fərqli üsuldan istifadə edirik. Biz bu içkiləri hazırlayanda bir meyvədən 3 və ya 4 fərqli spirt fraksiyası alırıq. Hansı ki, hərəsinin öz funksiyası var: biri ona tündlük, biri də aroma, biri də ki dad verir. Sonra biz onları kupaj edib, son məhsul hazırlayırıq. Düzdür, adını araq qoyuruq, amma adi ev şəraitdə çəkilən meyvə arağı deyil. Bu, tamam başqa bir içkidir. Əslində bu texnoloji yenilik innovativ bir yenilikdir. Kimə deyirsən ki, biz araq çəkmədə bunu fikirləşmişik, öncə inanmaq istəmirlər. Biz bunu startap kimi qeydiyatdan keçmək istəyirdik, deyirdilər ki, bu İT deyilsə, deməli bu startap deyil. Tamam İT olmasın, bu, problem də deyil (gülür). Amma biz yeni bir texnologiya icad etmişik. Hansı ki, başqa ölkələr bundan istifadə etmir. Ona görə də bizim içkilər dünya standartlarına cavab verir, hətta onlardan yüksəkdir. Bizdə olan təmizlik, yüngüllük dünya içkilərindən daha üstündür. Bizim meyvə arağı istənilən “Grappa”, “Kalvados”,  və “Çaça”dan daha keyfiyətlidir. Biz bunu istənilən formada sübut edə bilərik.

Burada bir məsələ var ki, təəssüf hissi ilə bildirmək istəyirəm ki, biz bunu milli məhsul olan araqın hesabına deyil, xaricdən gətirilən məhsulların əvəzi olan və biz tərəfdən istehsal olunan “Cin” və “Tripl Sec” hesabına etmişik. Niyə meyvə araqları pis satılır? Ona görə ki, bizim cəmiyyətdə fikir formalaşıb ki, meyvə arağı baş ağrıdandır, ağır içkidir. Bunu hər kəs içə bilmir. Biz isə onu sübut etmək istəyirik ki, əgər düzgün hazırlansa, bütün proseslərə nəzarət edilsə, daha keyfiyyətli məhsul əldə etmək olar, hansı ki, vodkadan, yaxud viskidən daha rahat içilir və daha sağlamdır. Məsələn, burada keyfiyyətli meyvə və xüsusi spirt mayasından istifadə etmək lazımdır, vaxtında lazım olan işlər görülməlidir, temperatur rejiminə riayət olunmalıdır və sonda təbii ki, keyfiyyətli və xüsusi qaydada hazırlanmış su əlavə olunmalıdır.

- Məhsullarınız bazar qiyməti ilə fərqi nədir?

- Məhsul təbii ki, bazar qiymətinə görə, premium seqmentinə daxildir. Müəssisəmiz kiçikdir, ona görə də, istehsal gücümüz azdır. Burada əl işi çoxdur deyə, biraz baha çıxır. Biz istədik ki, hansısa marketlərə daxil olaq. Gördük ki, marketlərdə bunu yerli istehsalın yanına qoyurlar. Bizim məhsullarımız 20-30 manat cıvarındadır. Camaat daha çox ucuz mala meyillidir və deyirlər ki, Azərbaycan malı bu qədər bahalı olmalı deyil. Ona görə də biz çalışdıq ki, mağaza rəhbərləri bizi başa düşsünlər və onlar bizi anlayışla qarşılasalar, məhsullarımızı vitrinlərdə ayrı rəflərdə sərgiləyəcəklər. Yəni, məhsullarımızı premium seqmentinin arasına yerləşdirəcəklər. Yox, əgər başa düşməsələr, biz malı geri götürürük. Onları başa salmaq istəyirik ki, Azərbaycanda premium məhsul istehsal etmək olar. Bunu müştəri və satan şəxs də başa düşməlidir. 3 nəfərdən biri bunu başa düşmürsə, bu məhsul satılmayacaq. Ona görə də bu, çətin məsələdir. Azərbaycanda keyfiyyətli məhsul üçün spesifik məsələ var. Çünki çox istehsalçı keyfiyyətli məhsul istehsal etmir. Biz çalışırıq müştəriyə başa salaq ki, bizim istehsal etdiyimiz məhsullar populyar brendlərdən geri qalmır. Sadəcə olaraq, adı tanınmır. Çalışırıq ki, brend kimi tanınaq. Bu yaxınlarda Şamaxıda keçirilən sərgiyə dəvət ediblər və ayrıca stend ayırıblar. Başa düşürlər ki, biz çox keyfiyyətli məhsullar istehsal edirik. Bu da təqdirəlayiq addımdır. Çünki Azərbaycanın ən tanınmış şərabçıları arasında stendimiz olacaq. Bu da indiyə kimi nə Azərbaycanda, nə də postsovet məkanında istifadə olunmayıb. Bizim yeni bir məhsulumuz var. Mənə elə gəlir ki, bu, Azərbaycan üçün yeni bir brend olacaq. Hansı ki, başqa ölkələrdə olmayacaq. Bu, düyü arağıdır. Astarada becərilən “Həşimi” növü olan düyüdən hazırlanır. Bizim düyü xarici düyülərdən daha aromatlıdır. Çox maraqlı bir içkidir. Biz bu məhsulu bazara çıxarmaq istəyirik. Çünki heç bir ölkədə bu məhsuldan yoxdur. Məqsədimiz odur ki, qeyri-adi içki istehsal edək. Hansı ki, digər şirkətlər bunu etmək istəmir. Meyvə araqları ilə heç bir şirkət məşğul olmaq istəmir. Çünki zəhməti çoxdur. Biz bunu xarici bazara çıxarsaq, böyük nailiyyət əldə edərik. Həm də bizim aqrobiznesə də köməyimiz olacaq. Məsələn, 3-cü növ məhsulu dəyirmanda düyünün qabığı təmizlənəndə, əmələ gələn qırıntılardan-paralanmış düyüdən emal edib, keyfiyyətli və təbii ki, bahalı  məhsul əldə edirik. Bu da heç bir düyünün itkiyə getməməsinə səbəb olur. Xaricdən ucuz düyü gəlir, bizim istehsalçılar öz düyüsünü satmağa əziyyət çəkir. Amma bizim üçün qiyməti fərqi elə də əhəmiyyət kəsb etmir. Bizim üçün vacib onun aroması olmasıdır. Ona görə də bizim müəssisə yerli fermerlər üçün böyük avantajdır. Amma təəssüflər olsun ki, heç kim bunu dərk etmir.

- Son 6 aylıq fəaliyyətinizi qənaətbəxş hesab edə bilərikmi?

- Bir tərəfdən bizi sevindirən hallar var. Bizim dövriyyəmiz 2 dəfə artıb. Keçən ilk 60 min olubsa, bu il 120 min olub. Bəlkə də 200 minə yaxın olub.

Fuad Mədətov
Fins.az