İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalı tərəfindən növbəti sərbəst satış sertifikatları təqdim olunub.
Fins.az xəbər verir ki. sertifikatlar Azərbaycanda “Gazelli Group” şirkəti tərəfindən istehsal edilən şampun, duş geli, maye sabun və digər məhsullar daxil olmaqla, ümumilikdə 16 çeşiddə kosmetik vasitənin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ixracı üçün nəzərdə tutulub.
Qeyd edək ki, sərbəst satış sertifikatı Prezidentin 12 sentyabr 2017-ci il tarixli Fərmanına əsasən “Azexport” portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.
Ümumilikdə, 2018-ci ilin aprel ayından 2023-cü il iyul ayına kimi 652 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinliklər yaranmış 100-dən artıq Amerika, Asiya, Okeaniya, Avropa və Körfəz ölkəsinə ixracını asanlaşdırıb.
Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.