BİZNES

22 İyul

Bu il yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılmasındakı artımın əhəmiyyəti nədir? - AÇIQLAMA

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2023-cü ilin yanvar-may aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyəsinin təxminən 8,5 milyard manat təşkil etməsi və bunun da ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çox olmasını açıqlayıb. Qurumun hesabatında bu il iyunun 1-nə qədər ölkədə 90 138 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılması qeyd olunub.

Biznes prosseslərin avtomatlaşdırılması istiqamətində uyğun həllər təklif edən “Smart Biznes” şirkətinin rəhbəri Əbülfət Mirzəyev Fins.az-a açıqlamasında qeyd olunan məsələylə bağlı fikirləni bölüşüb. O, ölkə üzrə yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılmasındakı artımı dəyərləndirib.

Ə.Mirzəyev qeyd edib ki, yeni nəsil kassa aparatlarının sahibkarlıq subyektlərində tətbiqi sahibkarlığın şəffaf fəaliyyətinə xidmət edir:

“Beləliklə də bu məsələdə vergi ödənişlərindən yayınma hallarının qarşısı alınaraq, qeyri-leqal yollarla qazanılan pullar da vergiyə cəlb olunur. Keçən ildən bu ilə qədər kassa avadanlıqlarının quraşdırılmasında artımın səbəbi bu yöndə aparılan doğru təbliğatın nəticəsidir. Artıq bazar yox, biznes düşüncəsində olan sahibkar başa düşür ki, brendləşmə, şəbəkələşmə, qlobal bazara çıxmaq üçün uzunmüddətli düşünməlidirlər”.

Sahibkar yeni nəsil kassa avadanlıqlarının quraşdırılmasının əhəmiyyətindən də danışıb:

“Yeni nəsil kassa avadanlıqlarının tətbiqi biznesin strukturu olan kassanın avtomatlaşdırılması deməkdir. Bu işlərin sürətlənməsi bütövlükdə dövlətin maraqlarını əhatə edir və vətəndaş olaraq biz də son dönəmlərdə özəl və dövlət sektorunda olan yaxınlıq tendensiyasını nəzərə alaraq, ölkə iqtisadiyyatının daha da güclənməsi naminə bu istiqamətdə maraqlı olmalıyıq. Əslində biznes üçün ölkədə çox münbit bir şərait yaradılıb. Sadəcə bu imkanları görüb faydalanmaq lazımdır. Xərclərə yox, gəlirlərə fokuslanmalıyıq. Həmin zaman çox şey dəyişəcək”.

Şirkət rəhbəri onu da vurğulayıb ki, yeni nəsil nəzarət-kassa aparatlarının qiymətlərində artım müşahidə olunmayıb.

Fuad Mədətov
Fins.az