“Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” texniki yardım layihəsi çərçivəsində innovasiyaların tətbiqi, biznesin və kənd yerlərinin inkişafı üzrə təcrübə mübadiləsi məqsədilə Almaniyanın Brandenburq vilayətinə səfər təşkil edilib.
İqtisadiyyat Nazirliyindən Fins.az-a verilən məlumata görə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin benefisiarı olduğu “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” texniki yardım layihəsi çərçivəsində Almaniyanın Brandenburq vilayətinə təcrübə mübadiləsi məqsədilə səfər təşkil edilib. Səfərdə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.
Brandenburq vilayətinin İnfrastruktur və Ərazi Planlaşdırma, Kənd Təsərrüfatı, Ətraf Mühitin Mühafizəsi və İqlim nazirliklərində, eləcə Turizm-Marketinq idarəsində keçirilən görüşlərdə iqtisadiyyatda innovasiyaların təşviqi, yeni texnologiyaların tətbiqi, biznesin və kənd yerlərinin inkişafı üçün həyata keçirilən tədbirlər, kənd turizmi üzrə təcrübə və müxtəlif sahələrdə qabaqcıl yanaşmalar barədə müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyəti Brandenburq vilayətində kənd təsərrüfatı məhsullarının istehsalı və marketinqi üzrə ixtisaslaşan kiçik və orta müəssisələrin fəaliyyəti ilə tanış olublar.
Qeyd edək ki, “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” layihəsinin məqsədi regional ərazi inkişaf planlaşdırma sisteminin təkmilləşdirilməsi, meyvə və tərəvəz istehsalı sahəsində müasir yerli iqtisadi və icma əməkdaşlıq mərkəzi şəbəkəsinin yaradılması, eləcə də sahibkarlıq və investisiya şərtlərinin yaxşılaşdırılması məqsədilə bu regionda rəqabət qabiliyyətinin və əlavə dəyərin artırılmasıdır.
Fuad Mədətov
Fins.az